“Bu, yalandır, böhtandır...” – İlham Əliyev

“Bu, yalandır, böhtandır...” – İlham Əliyev
  04 Sentyabr 2014    Oxunub:3854
“Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhdiddir”.

AzVision.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə verdiyi bəyanatında qeyd edib.

Ölkə başçısı verdiyi bəyanatda Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” və bir sıra mühüm məsələlərə toxunub.

Prezident İlham Əliyevin bəyanatında deyilir:

-Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük önəm veririk. Çox şadıq ki, andiçmə mərasimindən bir həftə keçməmiş Siz Azərbaycana, doğma Vətənə səfər edirsiniz. Fürsətdən istifadə edərək, bir daha Sizi prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə ürəkdən təbrik etmək və yeni uğurlar diləmək istəyirəm.

Bu gün biz ikitərəfli görüşümüzdə, eyni zamanda, heyətlərlə birgə görüşümüzdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini müzakirə etdik və bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulubdur. Bu gün biz dostluğumuzun, qardaşlığımızın gözəl binasını bu möhkəm təməl üzərində inşa edirik.

Siyasi əlaqələr gündən-günə genişlənir. Biz beynəlxalq təşkilatlarda bir-birimizə daim dəstək veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr aparılır. Fürsətdən istifadə edərək, Türkiyə dövlətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim üçün çox önəmlidir. Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur. Bu məsələ bu gün də müzakirə edildi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhdiddir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır, 20 faiz torpaqlarımız işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali qurumu bu münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və münaqişə hələ ki, öz həllini tapmayıb. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaq.

Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq qurumlarda daim Türkiyənin yanındadır. Bu gün, eyni zamanda, biz gələn il Ermənistanda qeyd ediləcək qondarma, sözdə “soyqırımı” ilə bağlı fikirlərimizi bölüşmüşük. Türkiyə ilə Azərbaycan həm xarici işlər nazirləri, həm səfirliklər səviyyəsində birgə fəaliyyət göstərir və göstərəcəklər. Diaspor təşkilatlarımız da, ictimai təşkilatlar da bu işlərdə birgə fəaliyyət göstərir və göstərəcəklər ki, biz dünyada qondarma “erməni soyqırımı”nın ifşası ilə bağlı öz işlərimizi əlaqələndirilmiş şəkildə aparaq. Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi çaşdırmaq, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç bir tarixi əsası yoxdur. Bu, yalandır, böhtandır, iftiradır. Biz birgə səylərlə və bizə yaxın olan ölkələrlə birlikdə erməni yalanını bundan sonra da birgə ifşa edəcəyik.

Təbii ki, bu gün əməkdaşlığımızın müxtəlif istiqamətləri müzakirə edildi. Eyni zamanda, müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlıq və onun perspektivləri müzakirə edildi. Burada da çox böyük potensial var. Hər zaman olduğu kimi, bizi birləşdirən enerji layihələri də müzakirə mövzusu oldu. İki il bundan əvvəl TANAP layihəsinə əziz qardaşımla imza atanda biz təxminən görürdük ki, bu, nəyə gətirib çıxaracaq. Bizim əsərimiz olan TANAP layihəsi bu gün dünyanın diqqətini cəlb edir. Artıq bizim qruplarımız, komandalarımız işə başlamışlar. Əminəm ki, bu tarixi layihə vaxtında icra ediləcəkdir. Ondan əvvəlki dövrlərdə də enerji məsələlərində biz daim bir yerdə idik. TANAP layihəsi əlbəttə ki, daha da geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir. Çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı daha da çoxdur. Əminəm ki, biz bu layihəni də birgə səylərlə, müştərək iradə ilə uğurla icra edəcəyik.

Bu gün, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Bu, bizim əlaqələrimizdə bir növ yenilikdir. Çünki məhz son illərdə həm Türkiyədən, həm Azərbaycandan qarşılıqlı qaydada investisiyalar böyük həcmdə qoyulur. Yaxın 5-6 ildə Türkiyəyə daha da böyük həcmdə Azərbaycan investisiyaları qoyulacaqdır, təxminən 17-20 milyard dollar arasındadır. Mən çox şadam ki, Türkiyə tərəfi bizim enerji layihələrimizdə öz payını artırır. “Şahdəniz”də öz payını artırıbdır, TANAP layihəsində böyük paya sahib olubdur. Bu da Azərbaycana yatırılan Türkiyə investisiyalarıdır. Eyni zamanda, bu layihələrin icrası ilə bağlı yeni gözəl imkanlar yaranır. Çünki bu böyük enerji layihələrinin əsas iştirakçıları Türkiyə və Azərbaycandır. Bu, belə də olmalıdır. Bu gün bizim birliyimiz artıq dünya çapında bir amildir və Türkiyə nə qədər güclü olsa, biz də o qədər özümüzü güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Mən əminəm ki, bizim qardaşlıq əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.

Əziz qardaşım, Sizi bir daha ürəkdən salamlayıram və bütün türk xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram. Sağ olun.

AzVision.az


Teqlər:  





Xəbər lenti