MTN Kəlbəcər girovlarının işini araşdırır

MTN Kəlbəcər girovlarının işini araşdırır
  04 Sentyabr 2014    Oxunub:2762
“Hazırda Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi Kəlbəcər rayonunda əsir götürülən azərbaycanlı girovların işini araşdırır”.
Bunu AzVision.az-a açıqlamasında keçmiş döyüşçü, Kəlbəcər girovlarının yaxın dostu Səbuhi Rəhimli bildirib.

Onun sözlərinə görə, prezidentlərin Soçi görüşündən sonra Ermənistan Milli Təhlükəsizlik Nazirliyi məsələni tam şəkildə araşdırmağa başlayıb: “Bir aya yaxındır ki, girovlar haqqında tam məlumatsızlıq hökm sürür. Ermənistan kütləvi informasiya vasitələri də onlar haqqında heç nə yazmır. Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXK) Azərbaycan nümayəndəliyi heç bir iş görmür. Girovların məsələsinin araşdırılması Ermənistan MTN-in nəzarətinə keçdikdən sonra Azərbaycan tərəfi məlumatsız qalıb”.
S.Rəhimli vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistana son təklifini edib: “İki nəfər girova görə, 10-a yaxın girov dəyişmək istəsək də, ermənilər Kəlbəcər girovlarını geri qaytarmaq istəmir. Girovların ailəsi də onların taleyindən məlumatsızdır və narahatdır”.

Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti