Leyla Yunusun iddiası yalan çıxdı

Leyla Yunusun iddiası yalan çıxdı
  04 Sentyabr 2014    Oxunub:2045
Penitensiar Xidmət məhbus hüquq müdafiəçisi Leyla Yunusla bağlı xəbərə (Leyla Yunus təxribat xəbərdarlığı edib) münasibət bildirib.
AzVision.az xəbər verir ki, Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov “Media forum” saytına deyib ki, Leyla Yunusun saxlanma şəraiti ilə bağlı narazılıqları tamamilə əsassızdır: “Leyla Yunusun guya ona qarşı təxribat hazırlanması barədə uydurma iddiası yalnız ictimai fikri özünə cəlb etmək məqsədi güdür. Penitensiar Xidmət bəyan edir ki, hər hansı müəssisədə saxlanılan şəxslərin təhlükəsizliyi qanunvericiliklə qorunur. Təqsirləndirilən şəxslər və ya məhkumlar tərəfindən digərlərinə qarşı qeyri-insani rəftar yolverilməzdir və Penitensiar Xidmət buna tam təminat verir.

Leyla Yunusun səhhəti ilə bağlı iddialarına gəlincə, bildiririk ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən onun tibbi müayinədən keçirilməsi və zəruri müalicəsi təmin edilib”.

Leyla Yunus iyulun 30-da həbs edilib. Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin birgə açıqlamasına görə, Leyla Yunus 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu Sülh və Demokratiya İnstitutuna beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də Ermənistandan rəhbərlik etdiyi qurumun şöbə müdiri olan əri Arif Yunusun hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində bəzi şəxslərin casus kimi ələ alınması yönündə fəaliyyət göstərib.

O da bildirilir ki, Leyla Yunus “Mühasibat üçotu haqqında” qanunu pozmaqla dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə 526.943 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib, dövlət büdcəsinə ümumilikdə 369.378 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Başqa bir ittihama görə, Leyla Yunus 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank”da yerləşən hesablarına köçürülmüş cəmi 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla nağdlaşdırıb əldə edib.

İyulun 30-da Nəsimi Rayon Məhkəməsi Leyla Yunus barədə həbs qətimkan tədbiri seçib, Arif Yunus isə polisin nəzarəti altına verilib. Avqustun 5-də Arif Yunus da həbs edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti