Mətbuatı nə gözləyir? - AKTUAL

Mətbuatı nə gözləyir? - AKTUAL
  06 Sentyabr 2014    Oxunub:3935
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mətbuat nümayəndələri ilə keçirdiyi müşavirədə KİV-lərin ünvanına səsləndiyi iradlar geniş müzakirə mövzusuna çevrilib. Ötən gün Mətbuat Şurasının keçirdiyi tədbirdə PA rəhbərinin şikayətləri media kapitanlarının iştirakı ilə geniş müzakirə olunub, təkliflər irəli sürülüb, hətta dezinformasiya yayan internet portallarının bağlanması ilə bağlı ciddi mesajlar verilib.

Doğrudur, cəbhə olayları mətbuat üçün önəmli sınaq idi. Dövlətçilik və milli maraqlarımıza xidmət edən media qurumları peşəkarlıqla bu sınaqdan üzü ağ çıxa bildilər. Saxta İP və “birincilik” mübarizəsi fonunda dövlətin təhlükəsizliyini, milli maraqlarımızı təhlükə atlına atan KİV-lər isə bu sınaqdan keçə bilmədilər.

Odur ki, Ramiz Mehdiyev KİV-in yol verdiyi nöqsanları diqqətə çatdırmaqla mətbuatın dövlətin nəzarətində olduğunu və medianın başlı-başına buraxılmadığını xatırlatdı.

Xatırlatmaq yerinə düşər ki, Ramiz Mehdiyev həmin müşavirədə bildirdi ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi KİV-lərin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib.

Ramiz Mehdiyev cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar da göstərib.

O, xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycanın təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır.

“Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaq”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə problemin həllini Müdafiə Nazirliyi ilə əməkdaşlıqda görür. MŞ sədri bildirib ki, cəbhə xəbərlərini tənzimləmək üçn bundan sonra Mətbuat Şurası ilə Müdafiə Nazirliyi arasında əməkdaşlıq qurulacaq.

“Hər bir redaksiyadan jurnalistlər seçiləcək.Onlar üçün treninqlər təşkil ediləcək. Müdafiə Nazirliyi də məlumatları həmin jurnalistlərə verəcək. Onların cəbhə bölgələrinə səfər etmələri də təşkil edilə bilər”.

Göründüyü kimi mətbuatı, xüsusilə internet medianı nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil. Bunun üçün ilk növbədə peşəkarlıq və vətəndaş mövqeyi əsas götürülməlidir.

Əflatun Amaşov həmçinin açıqlamasında cəbhə xəbərlərində yalan yaymaqla ictimaiyyəti çaş-baş salan internet portallarının adlarını da açıqladı.

O, bildirib ki, cəbhə ilə bağlı yalan xəbərlər əsasən “vətəninfo.az”, “ölkə.az”, “azinform.az”, “gündəm-xəbər”, “sfera.az” və digər saytlarda yayımlanıb.

MŞ sədrinin dediyi kimi, dezinformasiya yayan portalların sayı bununla bitmir, digərləri də var. Onlar arasında özlərini ciddi media qurumu kimi təqdim edənlər də az deyil. Hansı ki, Ə.Amaşov onların adlarını qeyd etməsə də media müstəvisində saxta peşəkarların, `dezo qəhrəmanları`nın adları hər kəsə məlumdur.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli isə yalan xəbər yayan mətbuat orqanlarına qarşı ciddi tədbirlərin görüləcəyini istisna etməyib.

KİV DF sədri hesab edir ki, dövlətçilik əleyhinə xəbər yayan portalların yayımı dayandırılmalıdır.

“Dövlətin əleyhinə xəbər yayan xəbər saytlarının yayımı dayandırılmalıdır. Bunun söz-fikir azadlığına qarşı olduğu düşünülə bilər. Lakin nəzərə almalıyıq ki, biz müharibə şəraitində yaşayırıq”.

Deyilənlərdən göründüyü ki, bilərəkdən, ya bilməyərəkdən dövlət sirlərini yayan, milli mənəvi dəyərlərimizə zidd mövqe sərgiləyən KİV-lərə qarşı mübarizəninin formatı genişləndirəcək və cəzalar sərtləşdiriləcək.

Hakimiyyətin informasiya siyasətindən kənara çıxanlar çox güman ki, çıxdaş ediləcək, qərəzli və qeyri-peşəkar fəaliyyət göstərənlər KİV-lər isə PA rəhbərinin dediyi kimi cəzalandırılacaqlar. Əslində yolunu azan KİV-lərin cəzalandırılması təqdirəlayiq haldır. Əks təqdirdə onların yolunu gedənlər çox olacaq.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti