Xocalı soyqırımı rəsmən tanındı

Xocalı soyqırımı rəsmən tanındı
  08 Sentyabr 2014    Oxunub:1992
Sudan Respublikasının parlamenti Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib.

AzVision.az-ın trend-ə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi jurnalistlərə XİN-in şöbə rəisi Hikmət Hacıyev bildirib.

O deyib ki, Sudan parlamenti öz qərarı ilə Xocalı soyqırımını tanıyıb: "Bu sənəddə Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib".

H.Hacıyev bildirib ki, Sudan parlamentinin qərarında, həmçinin BMT Baş Assambleyasının və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan ərazilərinin işğalına son qoyulmasına dair qətnamələrinin həyata keçirilməsinin vacibliyi qeyd olunub: "Qərar Sudan parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən qəbul edilib və bu sənəd hüquqi qüvvəyə malikdir".

O qeyd edib ki, sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.

Erməni silahlı birləşmələrinin hücumları nəticəsində 613 adam vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər əsir götürülüb və onların taleyi indiyədək məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Qətlə yetirilənlər arasında 106 qadın, 83 uşaq, 70 qoca olub. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib.

AzVision.az




Teqlər:  





Xəbər lenti