İcra hakimiyyətindən 400 manat açıqlaması

İcra hakimiyyətindən 400 manat açıqlaması
  08 Sentyabr 2014    Oxunub:2890
Sumqayıt şəhər İcra Hakimiyyəti şəhər ərazisində keçirilən təmtəraqlı yas mərasimlərinə qarşı ciddi tədbirlər görür.
Şəhər sakinlərinin saytımıza bildirdiyinə görə, icra hakimiyyəti yas mərasimləri ilə bağlı tətbiq edilən qadağalara riayət etməyənləri 400 manat məbləğində cərimələyəcək.

Bu barədə icra hakimiyyətinin əməkdaşları onlara xəbərdarlıq edərkən bildiriblər.

İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Ayaz İmaməliyev sakinlərin şikayətlərinə aydınlıq gətirib.

AzVision.az-a açıqlamasında Ayaz İmaməliyev yas mərasimlərinin nəzarət altında olduğu gizlətməyib.

Onun sözlərinə görə, icra hakimiyyəti bunu insanlara yalnız tövsiyyə şəklində bildirib ki, yas xərcləri çox olmasın.

İcra nümayəndəsi daha sonra yas mərasimlərindən yeməklərin müsadirə edilməsi məsələsinə də toxunub.

“Vətəndaşın uşaq evinə ərzaq göndərməsi könüllü olub. Biz heç kimi məcbur etməmişik. Özləri istəyib ki, uşaq evinə ehsan göndərsinlər. Bu hansısa qadağadan dolayı olmayıb. Pul cəriməsinə gəldikdə isə bizdə pul cəriməsi kimi, belə bir qadağa yoxdur. Biz sadəcə onlara öz tövsiyyələrimizi bildiririk”-deyə sektor müdiri vurğulayıb.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb.

Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib. İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.

Sakinlər isə belə bir halın artıq baş verdiyini, icra nümayəndələrinin yas mərasimindən xörək qazanlarını Saray qəsəbəsində yerləşən 7 saylı internat evinə apardıqlarını bildiriblər.

Şəhanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti