Rəsmi Bakıdan Nalbandyana cavab

Rəsmi Bakıdan Nalbandyana cavab
  09 Sentyabr 2014    Oxunub:1665
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Avstriya xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edib.

AzVision.az-ın məlumatına görə, E.Abdullayev deyib ki, NATO-nun sentyabrın 4-5-də Uelsdə keçirilmiş sammitində Alyansa üzv ölkələrin dövlət və hökumət başçıları qəbul etdikləri yekun bəyannamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə edərək, Cənubi Qafqazda həlli uzadılmış münaqişələrin məhz bu prinsiplər əsasında həllinə çağırıblar.

Bu, bir daha onu göstərir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı dünya birliyi tərəfindən qəti şəkildə dəstəklənir.

Ermənistan tərəfi dərk etməlidir ki, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fiziki mövcudluğu münaqişənin həlli prosesinə və regional sülh və sabitliyə ən başlıca təhdiddir.
Ermənistan xarici işlər naziri tərəfindən Uelsdə NATO-ya üzv dövlətlər tərəfindən qəbul edilmiş qərara qarşı ifadə edilmiş mövqe rəsmi Yerevanın çarəsiz durumunun təzahürüdür.
NATO-ya üzv dövlətlərin qərarını şübhə altına almağa cəhd göstərən Ermənistan xarici işlər naziri bir daha ölkəsinin beynəlxalq hüququn prinsiplərinə hörmətsizliyini açıq şəkildə nümayiş etdirir. Ermənistanın xarici işlər naziri tamamilə ziddiyyətli və başını itirmiş Ermənistan rəhbərliyinə xas olan bir tərzdə dünya ictimaiyyətini beynəlxalq hüququn norma və prinsiplərini pozmağa çağırır.

Öz ənənələrinə sadiq qalaraq, Ermənistanın xarici işlər naziri ölkəsinin rüsvayçı işğalçılıq siyasətini etiraf etmək və buna son qoymaq əvəzinə beynəlxalq ictimaiyyəti və ilk növbədə Ermənistan cəmiyyətini çaşdırmaq və Ermənistanın diplomatik məğlubiyyətinə uğursuz şəkildə bəraət qazandırmaq məqsədi güdür.


Teqlər:





Xəbər lenti