Prezidentlərin 3-cü görüşü: Qərbin planı nədir?

Prezidentlərin 3-cü görüşü: Qərbin planı nədir?
  09 Sentyabr 2014    Oxunub:3223
Avropa Rusiyaya görə Qarabağa diqqəti artırır

Azərbaycan və Ermənistan prezidentlərinin cari il ərzində iki görüşü baş tutdu və üçüncü görüş artıq planlaşdırılır. Belə ki, İlham Əliyev və Serj Sarkisyan ilk olaraq Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə avqustun 12-də Soçidə, daha sonra isə NATO-nun zirvə toplantısı çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Uelsdə görüşdülər.

Prezidentlərin növbəti görüşü isə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə baş tuta bilər. Prezidentlərin 3-cü görüşünün oktyabrın 10-da keçirilməsi nəzərdə tutulur.


Əvvəlki illərlə müqayisədə bu il prezidentlər arasında qısa müddət ərzində bir neçə dəfə görüşün keçirilməsi diqqətləri Dağlıq Qarabağ probleminə yönəldib.

Görüşlərin intensivliyinin artması Qardabağ münaqişəsində dönüş yarada bilərmi? Qərb dairələrinin bu məsələdəki aktivliyi nə ilə bağlıdır?

Suallarımızı tanınmış Politoloq Qabil Hüseynli cavablandırıb.

Prezidentlərin görüşünü AzVision.az-a şərh edən politoloqun fikrincə, hazırda Dağlıq Qarabağ probleminin həllində əlverişli vəziyyət yaranıb.

“Hazırda müxtəlif dövlətlər bu məsələnin həllinə çalışır və başa düşürlər ki, problemin bu vəziyyətdə qalması Rusiyanın xeyrinədir. Ona görə də Amerika, Fransa və digər Avropa Birliyi ölkələri də Qarabağ probleminin həllinə əvvəlki illərdən qat-qat əzmli və eyni zamanda daha praqmatik yanaşmağa başlayıblar. Dünən Elmar Məmmədyarov da çıxışında Uelsdə Kerri ilə görüş zamanı böyük sülh sazişinin imzalanmasından danışdı. Böyük sülh sazişi bütövlükdə prosesin başa çatması demək deyil. İndiyə qədər danışıqlar prosesində mübahisəli məsələlərin 80%-i razılaşdırılıb. Amma əsas məsələ - Dağlıq Qarabağın statusu ilə Azərbaycanın ərazi bütövlüyü məsələsində hələ də kompramis əldə etmək mümkün olmayıb”.

Q.Hüseynlinin sözlərinə görə, tərəflər təklif edir ki, sülh sazişi imzalansın və onun tərkibi tədricən doldurulmağa başlansın: “Yəni indiyə qədər razılaşdırılmış məsələlər onun mətninə daxil edilir, əsas diqqət isə razılaşdırılmamış məsələlərə yönəldilir. Nəzərə alsaq ki, Uelsdə də ərazi bötüvlüyü məsələmiz ön plana çıxarıldı, gələcəkdə böyük sülh sazişinin imzalanmasına nail olmaq olar. Amma təbii ki, Ermnistan Rusiya ilə birlikdə buna qarşı çıxacaq. Yenə də Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyət vermək məsələsinə dünyanın böyük güclərini inandırmaq olar”.

Politoloq hesab edir ki, Ermənistan prezidenti Serj Sarkisyanın NATO sammitində Azərbaycanın ərazi bütövlüyü ilə sənədə imza atması bizim üçün tarixi hadisədir.

“Eyni zamanda beynəlxalq hüquq normalarına zidd fikirlər söyləyən tərəfləri susdurmaq üçün istifadə edilə biləcək siyasi sənəddir. Bütövlükdə demək olmaz ki, bununla hər şey həll olundu və yeni bir era başlandı. Amma hər halda tarixi dönüş kimi də qiymətləndirmək olar”.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti