Azərbaycanda 2 şirkətin forma davası - VİDEO

Azərbaycanda 2 şirkətin forma davası - VİDEO
  11 Sentyabr 2014    Oxunub:2104
Vahid məktəbli geyimi sahəsində inhisarçılıq probleminin olduğunu dəfələrlə demişik. Əsasən paytaxt məktəblərini geyimlə təmin edən “Bakı Tikiş Evi”ndən başqa bu sahədə fəaliyyət göstərən “Bakı Tekstil” fabriki də var. Aralarında böyük qalmaqal olan bu şirkətlərin gizli bir razılığı da var ki, hər şeyi ört basdır edir.

AzVision.az-ın ANS TV-ə istinadən məlumatına görə, Azərbaycanda bu gün məktəbli paltarı bazarı xüsusilə iki fabrikin əlində cəmləşib. Onlardan biri olan “Bakı Tikiş Evi” haqda artıq dünən danışmışıq. Digəri “Bakı Tekstil” fabrikidir ki, bu müəssisə rəqibinə çox böyük fərqlə uduzur.

Məsələn, ötən il “Bakı Tikişi Evi” 60 min məktəbli paltarı satdığı halda, “Bakı Tekstil” fabriki vur-tut 7 min paltar satıb. Fabrikin anbarlarında malların çoxu yığılıb qalıb və müəssisə bir neçə milyon manat ziyana düşüb. Bunun səbəbini fabrikin istehsal etdiyi malların nə keyfiyyətində, nə də qiymətində axtarmaq lazımdır. Qiyməti 24-47 manat arasında dəyişən bu formalar mükəmməl olmasa da, pis də deyil və etiraf edək ki, bu gün yerli istehsaldan bundan daha yaxşısını gözləməyə dəyməz.

“Bakı Tekstil” fabrikinin rəqibinə uduzmasının səbəbini müəssisənin rəhbəri Səkinə Babayeva “Bakı Tİkiş Evi”nin bu sahəni öz monopoliyasına almaq cəhdlərində axtarır.

Bu yerdə tamaşaçılara xatırladım ki, “Bakı Tekstil” fabriki Sumqayıt da daxil olmaqla Abşeron yarımadasını və ölkənin bir sıra rayonlarını geyimlə təmin edir. “Bakı Tikiş Evi” isə əsasən Bakı məktəblilərini, necə deyərlər geyindirməlidir. Amma bu bölgü əslində qeyri-leqal xarakter daşıyır. Yəni, ortada hansısa, tenderin qalibi-filan yoxdur. Fabrik rəhbərləri öz aralarında belə razılığa gəliblər və hətta müsahibimin təbirincə desək, Təhsil Nazirliyinin eyni adlı qəzeti də kimin hansı sahəni paltarla təmin etməsinə vaxtaşırı öz səhifələrində yer ayırıb. Amma bu gün razılaşma pozulur və tərəflər bir-birinin bazarına girirlər.

Paltarların qolundakı loqolar da sən demə buna xidmət edirmiş. Müsahibimin sözlərinə görə, məktəblər çox vaxt qanunsuz olaraq uşaqlardan tələb edirlər ki, bir fabrikin paltarını geyinsinlər. Əməkdaşımız Ağdamın Quzanlı qəsəbəsində bunu sübut edən bir fakt da çəkib.

Valideyn Gülnar Quliyeva deyir ki, 2 il əvvəl aldığı məktəbli formasını, ötən il geyməyə qoymayılar.

“Bakı Tikiş Evi” isə əlbəttə ki, bu sahəni monopoliyaya almaqla bağlı ittihamları rədd edir.

Təhsil Nazirliyi isə məktəbli forması ilə bağlı məsələdə yaxasını kənara çəkib. Daha doğrusu, nazirlik uşaqların məktəbə məktəbli formasında gəlməyini dəstəkləyir, məktəblilərin hansı fabrikdən geyinməsini isə hər kəsin öz seçiminə buraxır. Təcrübə isə göstərir ki, bu gün seçimi edən xüsusilə valideynlərdir. Onlar ayrı-ayrı işbazların Çindən su qiymətinə alıb gətirdiyi keyfiyyətsiz və daha ucuz malları alır. Qısası, məktəbli forması bazarında formasızlıqdır.




Teqlər:





Xəbər lenti