Ədliyyə Nazirliyi Əli İnsanovun yalanını üzə çıxardı

AzVision.az-ın sorğusuna cavab olaraq Penitensiar xidmətdən bildirilib ki, 13 saylı cəzaçəkmə müəsisəsində saxlanılan məhkum Əli İnsanov müəssisədəki digər məhkumlar kimi cəzasını insan şəxsiyyətinə hörməti tam təmin edən şəraitdə çəkir.
Qeyd edilib ki, Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində dözülməz şərait barədə verilən məlumatlar həqiqəti əks etdirmir. Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan hər bir şəxs Azərbaycan Respublikasının Cəza İcra Məcəlləsində nəzərdə tutulan hüquqlardan tam həcmdə istifadə edirlər.
Belə ki, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməklə, bədən tərbiyəsi və idmanla məşğul olmaq, istirahət etmək, tibbi, hüquqi və psixoloji yardımlar almaq, dini ayinlərin icra edilməsində iştirak etmək, təhsil almaq və peşə hazırlığı keçmək kimi əsas hüquqları cəzanı icra edən orqan tərəfindən tam təmin olunub. AR CİM-nin 10-cu maddəsində nəzərdə tutulmuş həmin hüquqların həyata keçirilməsi üçün digər müəssisələrdə olduğu kimi, 13 saylı cəzaçəkmə müəssisəsində də tam şərait mövcuddur.
Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT və Avropa İttifaqının aidiyyatı qurumlarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Penitensiar xidmətin tabeliyində olan müəssisələrə başçəkmələri zamanı yaradılmış həmin şərait dəfələrlə qeyd olunub.
Sevinc İltifatqızı
AzVision.az