Baş nazirlə geniş tərkibdə görüş olub

Biz ikitərəfli əlaqələrə böyük əhəmiyyət veririk. Malayziya bizim üçün yaxın dost və tərəfdaşdır. Əminəm ki, bu səfər əlaqələrimizə yeni təkan verəcək və biz siyasi, iqtisadi əlaqələrimizi gücləndirəcəyik. Biz xalqlarımız arasında əlaqələrin dərinləşməsi üzərində çalışacağıq".
Dövlət başçısı bildirib ki, xalqlarımız ünsiyyət saxlamaq və ikitərəfli əlaqələrimizin uğurlu inkişafına töhfə vermək üçün bir-birini daha yaxından tanımalıdırlar. Əməkdaşlığımızın gündəliyi genişdir və bir çox sahələri əhatə edir: "Əminəm ki, səfərinizin çox yaxşı nəticələri olacaq. Nümayəndə heyətlərinin üzvləri də ikitərəfli əlaqələrin mühüm məsələləri - siyasi, enerji təhlükəsizliyi və regional təhlükəsizliklə bağlı müzakirələr aparacaqlar. Buna görə də ümidvaram ki, biz fəal dialoq və dostluğumuzu davam etdirəcəyik. Təbii ki, bu səfər çox əhəmiyyətlidir. Çünki bu, qarşılıqlı etimadın və dostluğun yaxşı göstəricisidir. Bir daha xoş gəlmisiniz".
Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak deyib: "Cənab Prezident, belə səmimi və gözəl qəbula görə Sizə təşəkkür edirik. Ötən gecə gələndə dediyim kimi, Sizin rəhbərliyinizlə sürətli, eyni zamanda, keyfiyyətli inkişaf məni heyrətləndirdi. Bakının müasir şəhərə, Azərbaycanın güclənən, inkişaf edən, böyük potensialı olan ölkəyə çevrilməsini görmək yeni nəfəs almaq deməkdir.
Zati-aliləri, Sizi bu mükəmməl rəhbərliyiniz münasibətilə təbrik etmək istərdim. Mən bu səfəri səbirsizliklə gözləyirdim. Ölkəniz barədə çoxlu məlumatlar eşitmişdim və gördüklərim məni çox sevindirir. Mən gələcəkdə burada daha çox vaxt keçirmək, bu gözəl mənzərəni görmək istərdim. İkitərəfli əlaqələrimizə gəlincə, ölkələrimiz arasında çox müsbət münasibətlər var. Düşünürəm ki, biz bu münasibətlərə əsasən əməkdaşlığın bir çox sahələrini aşkar edə bilərik. Hesab edirəm ki, bunun əsasını Sizin ölkənizdə neft və qaz sahəsində əməkdaşlıq təşkil edəcək. Düşünürəm ki, bu gün imzalanacaq Anlaşma Memorandumu əməkdaşlığımızın inkişafında çox mühüm bir mərhələnin başlanğıcı olacaq".