Azərbaycanda 18 mindən çox əcnəbi işləyir

Azərbaycanda 18 mindən çox əcnəbi işləyir
  15 Sentyabr 2014    Oxunub:1123
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 9,1 faiz artıb.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, sentyabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 9,1 faiz artıb. 2014-ci ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq 1557 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 18 658 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,6 faizini kişilər, 10,4 faizini isə qadınlar təşkil edir.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (10568 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2001 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 985 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (598), Hindistan (527), Çin Xalq Respublikası (432), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (320), Özbəkistan (216), Banqladeş Xalq Respublikası (199), Ukrayna (181), Pakistan İslam Respublikası (170), Almaniya (165), Filippin (152), Bosniya və Hersoqovina (131), Qazaxıstan (130), ABŞ (128), Türkmənistan (128), İtaliya (128), Koreya Respublikası (119) , Malayziya (93) və s. ölkələr gəlir.

Xatırladaq ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

AzVision.az


Teqlər:





Xəbər lenti