“Müəllim üstümə qışqırsa, ürəyim partlayardı” –Məşhurların xatirələri

“Müəllim üstümə qışqırsa, ürəyim partlayardı” –Məşhurların xatirələri
  15 Sentyabr 2014    Oxunub:2038
Hər bir insanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də ilk dərs günü yaşadıqlarımızdır.

Həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Amma fərqi yoxdur, bu, bütün hallarda ən əziz xatirələrdən biri olur. Az insan tapılar ki, ilk dərs gününü, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AzVison.az-a deyib ki, ilk dərs günü bu günkü kimi yadındadır:



- Ermənistanın Basarkeçər rayonun Zod kəndində ilk dəfə məktəbə getmişəm. Birinci sinfə məni əmim qızı aparıb. O, mənim sinif rəhbərim idi. Hardasa bir-iki saat birinci gün dərsdə oturdum. Sonra uşaqlarla başladıq o tərəfə- bu tərəfə qaçmağa, öyrəşməmişdik deyə, dərsdə otura bilmirdik. Bizə birinci sinifdən erməni dili də öyrədirdilər.

Çox həvəslə dərsə getmişəm. Özü də əlaçı olmuşam. İrəvanda keçirilən olimpiadada fizika üzrə birinci yeri tutmuşam. Kənddə ciddi tələbkarlıq var idi. İndiki kimi əyləncə mərkəzləri, televizor yox idi.

Məktəbdə nə döyülmüşəm, nə də döymüşəm. Amma dava düşəndə qalib çıxmışam.

Bu günə qədər yadımdan çıxara bilmirəm. Xatırladıqca gülürəm ki, birinci sinif müəlliməm, əmim qızı bir dəfə bizə gəlmişdi. Mən də qoyun qovurması yeyirdim. İstədi o da yeməyimdən götürsün, qoymadım. Öz müəlliməmə yemək vermədim.

İlk dərs günləri elə bilirdim ki, uşaqların stolun üstünə qoyduqları çantalar mənə aiddir. Hamısının çantasını dərs vaxtı yığıb deyirdim ki, bunlara əl dəymək olmaz. Sabah gələndə hamınız yenidən çantlarınızı gətirin verin mənə.

Xanəndə Mənsum İbrahimov :



Ağdamın İmamqulubəyli kəndində 8 illik məktəbə gedib: “Hazrda da birinci sinif müəlliməm Sənubər xanım yaşayır. Həmin gecə səhərə qədər yata bilmədim ki, sabah dərsə gedəcəyəm. Çox həyəcanlı idim. Valideyinlərim məni məktəbə aparmışdılar. İlk dəfə mahnını ikinci sinifdə, Yeni İl bayramında oxumuşam.

Tarzən Ramiz Quliyev:



- 7 yaşımda Ağdam rayonunda atam məni ilk dəfə rus məktəbinə aparıb. Çox istəyirdi ki, rus dilini öyrənək. Birinci gün dərsə gedəndə gördüm ki, sinifdə hər şeyi rusca danışırlar. Müəllimə məni ayağa qaldırdı, bir- iki söz dedi, başa düşmədim. Çox pis oldum. Gəldim dedim ki, ata, bu nədir, mən onların danışdığını başa düşmürəm. Təzədən məni aparıb Azərbaycan dilli məktəbə yazdırdılar. Orada isə dəcəl olmaq mümkün deyildi. Çox ciddi rejim var idi.

Yazıçı Şərif Ağayar:



- Mən məktəbə 5 yaşımda getmişəm. Bacımla bir sinifdə oxuyaq deyə, atam məni məktəbə tez qoydu. Müəllimlərdən elə qorxurdum ki, bəlkə üstümə qışqırsaydılar, ürəyim partlayardı. Ona görə də ilk gün dərsdən qaçdım. Anam xeyli danladı, atam qınadı.

Amma əla oxumuşam. Ona görə müəllimlərə isinişməyim uzun çəkmədi. Mən anlayanda ki, müəllim adamı döymür, sadəcə ona elm öyrədir, dostlaşdım onlarla.

Əla sinif müəllimimiz vardı - Bəbir müəllim! Ömrümün bəlkə də ən işıqlı xatirələri onunla bağlıdır. Onun metodikası dahiyanə idi. Dərsə hazır gəlməyəndə ondan qorxmurdum, utanırdım. Məncə bu, böyük işdir....

Şahanə RƏHİMLİ
AzVision.az



Teqlər:  





Xəbər lenti