Bakının tıxac dərdi: çarə niyə tapılmır?

Bakının tıxac dərdi: çarə niyə tapılmır?
  16 Sentyabr 2014    Oxunub:7895
Paytaxt Bakıda demək olar ki, hər gün tıxac yaşanır. Ucu-bucağı görünməyən tıxaclar əsasən səhər və axşam saatlarında müşahidə olunur. Baxmayaraq ki, Bakıda yeni körpülər, yeraltı keçidlər tikilib istifadəyə verilib, yenədə paytaxtı tıxac bəlasından qurtarmaq mümkün deyil.

Tıxacların yaranmasına səbəb kimi Bakı şəhərinə gün ərzində həddən artıq avtomobilin daxil olduğu göstərilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzVision.az-a açıqlamasında bildirib ki, bu cür vəziyyətin yaranmasına səbəb Bakı şəhərində avtomobillərin çox olmasıdır:

“Paytaxta idarə olunan nəqliyyat vasitələrinin sayı çoxdu. Ölkə üzrə 1 milyon 200 mində artıq avtomobil qeydiyyata alınıb, bunun 65 faizi Bakı şəhərində idarə olunur”.

Avtomobil sahə üzrə ekspertlər isə qeyd edir ki, Bakıda hər min nəfərə düşən avtomobilllərin sayı 330-dur ki, bu da Avropa göstəricilərinə yaxındır. Hazırda Azərbaycanda 1,2 milyon avtomobil var. Hər il ölkənin avtoparkı 10 faiz artır. Hesablamalara görə, bu cür davam edərsə, 10 ildən sonra avtomobillərin sayı 3 milyona çatacaq.

Bəs, Bakı şəhəri gün ərzində neçə avtomobili qəbul etmək imkanına malikdir?

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, avtomobil tıxaclarının qarşısını almaq və ya heç olmasa vəziyyəti bir qədər yaxşılaşdırmaq üçün əvvəlcə bunun səbəblərini dəqiq müəyyən etmək və hər bir səbəbin neytrallaşdırılması istiqamətində tədbirlər görmək lazımdır:

“Bakıda olan yolların hamısı yararlı deyil. Elə yer var zəbt olunub, bir neçəsində işlər gedir. Elə yollar var ki, orada olan çalalar sürücüləri o yoldan yayındırır. Bu problemlər kompleksdi. Bunları hər tərəfli həll etmək lazımdır. Paytaxtın hazırda nəqliyyat yükü dünyanın Bakı kimi şəhərləri ilə müqayisədə iki, üç dəfə azdı. Ölkəmizdə olan avtomobillərin 65 faizi Bakı şəhərinin payına düşürsə, bu hardasa 800 min avtomobil edir.

Bakının əhalisi ilə müqayisə etsək 4 nəfərə 1 avtomobil düşmür. Amma ABŞ-ın San-Fransisko şəhərində bir adama bir avtomobil düşür. Orada şəhərdə yaşayanların sayından çox avtomobil var. Amma onlarda elə bir problem yoxdur. Bizim nəqliyyatdan və yol şəbəkəsindən istifadə problemimiz var”.

Ekspertin sözlərinə görə, ölkəmizdə avtomobillərin orta sıxlığı hətta dünya göstəricisindən aşağıdır:

“Dünya üzrə 6.5 nəfərə 1 avtomobil düşür. Azərbaycanda hazırda 8 nəfərə 1 avtomobil düşür. Bu göstəricidə dünyadan geridə qalırıq. Avropa ölkələrindən isə 5 dəfə geri qalırıq. Bizdə avtomobillər oradakı səviyyəyə çatsa gərək evdən çıxmayaq? Bizim əsas problemimiz avtomobildən istifadə ilə bağlıdır. Həmçinin yol şəbəkəsinin normal səviyyədə olması da burada əsas rol oynayır. Bunları aradan qaldırmaqdır. Bu problemi bizdən 30-40 il əvvəl yaşandığı və kifayət qədər uğurla həll edildiyi ölkələr var. Onlardan nümunə götürmək olar. Tıxaclar əsasən, küçə və yolların birləşdiyi və şaxələndiyi (ayrıldığı) yerlərdə olur. Həmin yerlər elə yaradılmalıdır ki, birləşmə yerindən sonrakı yol və şaxələnən yollar nəqliyyat yükünü tam götürə bilsin”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti