`Vəziyyət olduqca bərbaddır`- Deputatlar nədən narazıdırlar?
Komitə sədri Ziyad Səmədzadə bildirib ki, adıçəkilən qanun layihəsi deputatlar Əli Məsimli və Vahid Əhmədov tərəfindən hazırlanıb və həmin sənədin artıq parlament rəhbərliyi tərəfindən qanunvericilik işləri planına daxil edilməsi məqsədəuyğun sayılıb.
“Reklam haqqında” qanunun qəbulundan təxminən 15 il keçdiyini bildirən Vahid Əhmədov qeyd edib ki, artıq yeni sənədin qəbuluna ciddi ehtiyac var: “Həmin vaxtdan bu yana ölkənin iqtisadi-siyasi həyatında, reklam bazarında xeyli dəyişikliklər baş verib. Bizim hazırladığımız yeni qanun layihəsində də xeyli yeniliklər, əlavələr var. Demək olar ki, mövcud qanunun 70 faizi dəyişdirilib. Bir daha hesab edirəm ki, dövrün reallıqları və tələbləri baxımıdan yeni qanunun qəbuluna çox böyük ehtiyac var və bu baxımdan, çox güman ki, biz onu payız sessiyasında müzakirələrə çıxarıb qəbul edə biləcəyik”.
Qanun layihəsinin digər müəllifi Əli Məsimli də adıçəkilən sənədin qüanunvericilik işləri planına daxil edilməsindən məmnunluğunun bildirib və sözlərinə əlavə edib ki, bu gün Azərbaycanda reklamların vəziyyəti olduqca bərbaddır:
“Küçəyə çıxıb 15 dəqiqə gəzib dolaşıb baxmaq kifayətdir ki, reklamların nə vəziyyətdə olduğunu biləsən. Ona görə hesab edirəm ki, belə bir qanunun qəbulu çox vacibdir”.
Əli Məsimlinin sözlərindən sonra komitə sədri Z. Səmədzadə də Azərbaycanda reklamların vəziyyətindən narazılığını bildirib. O, xüsusilə, reklamların dilinə diqqət çəkib:
“Kimlərsə az qala moda xatirinə Azərbaycan dilini unutdurmağa çalışır. Bu, düzgün deyil. Bu gün telekanallarda Azərbaycan dilində Azərbaycan məhsullarının, xüsusilə, yerli brend məhsulların reklamına da rast gəlmək olmur. Bu baxımdan, mən də hesab edirəm ki, "Reklam haqqında" yeni qanun qəbulu çox əhəmiyyətlidir”.
Sevinc İltifatqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


