"Münaqişə həll edilməlidir" - İlham Əliyev

"Münaqişə həll edilməlidir" - İlham Əliyev
  19 Sentyabr 2014    Oxunub:1921
"Şübhəsiz ki, bu gün biz hörmətli Baş nazir Əhməd Davudoğlu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən hörmətli Baş naziri son vəziyyətlə tanış etdim. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktivliyinə görə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu münaqişənin postsovet məkanında digər münaqişələrdən fərqi ondadır ki, burada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: "Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur. Bu qurum 4 qətnamə qəbul etmişdir. Ermənistan tərəfi sadəcə olaraq ona məhəl qoymur və onları icra etmir. 20 faiz torpaqlarımız işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Əfsuslar ki, vasitəçilərin fəaliyyəti heç bir nəticə gətirmir və beynəlxalq hüquq Ermənistan tərəfindən kobudcasına pozulur".

İlham Əliyev qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri vardır: "Bu qərar və qətnamələr əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişə öz həllini tapmalıdır və əminəm ki, gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəkdir".(trend)


Teqlər:



Xəbər lenti