`Avropa öz problemlərini həll etsin, bizim yox...` - Vitse-spiker

`Avropa öz problemlərini həll etsin, bizim yox...` - Vitse-spiker
  19 Sentyabr 2014    Oxunub:1559
“Avroparlamentin Azərbaycanla bağlı son qətnaməsini mən də çox diqqətlə oxumuşam. Bu qətnamənin ruhu başdan-ayağa qərəzdir, böhtandır və yalandır”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında deyib.

Z.Əsgərov qeyd edib ki, Avropanın özündə söz azadlığı ilə bağlı problemlər var: “Bu gün Avropada problem yoxdur? Avropada insan hüquqları, söz azadlığı, demokratiya ilə və sair məsələrlə bağlı xeyli problemlər var. Niyə o zaman həmin problemlərlə, digər Avropa ölkələri ilə də bağlı belə qətnamələr qəbul etmirsiniz? Elə bir müddət öncə Azərbaycanla bağlı qətnamə qəbul etmişdiniz. Sizin Azərbaycandan savayı işiniz-gücünüz yoxdur?”, - deyən birinci vitse-spiker Avroparlamentin son addımını təxribat kimi qiymətləndirib.

Z.Əsgərovun sözlərinə görə, bu, Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə, qarışmaq cəhdidir: “Ümumiyyətlə, biz hər zaman Avroparlamentin Azərbaycana qarşı qərəzini hiss etmişik. Bu, birinci dəfə deyil. Onu da deyim ki, Avroparlamentin 751 üzvü var. Ancaq bu qətnaməni cəmi 46 nəfər qəbul edib ki, bu, elə həmin sənədin legitimliyinə ilk öncə şübhə yaradır. İkincsi də, həmin 46 nəfərdən 45-i ümumiyyətlə, Azərbaycanda olmayıb. Siz Azərbaycanda olmamısınız, buradakı şəraitlə, vəziyyətlə tanış deyilsiniz, Azərbaycan haqqında heç nə bilmirsiniz, amma belə bir əsassız, Azərbaycandakı “müxalifətçilərin”, “hüquq müdafiəçilərinin” buradan göndərdikləri donoslar əsasında qərəzli qətnamə qəbul edirsiniz, axı, nə haqla? Azərbaycanda olmayan adamların belə bir qətnamə qəbul etməsi ümumiyyətlə, nə dərəcədə ciddi məsələdir? Onlar hansı haqla belə bir qətnamə qəbul edirlər və ya edə bilərlər?”, - deyə, Z. Əsgərov bildirib.

Vitse-spiker sonra Avroparlament də daxil olmaqla bəzi beynəlxalq qurumların Azərbaycana qarşı tez-tez “siyasi məhbus” məsələsi ilə bağlı ittihamlar səsləndirməsinə də toxunub.

O, qeyd edib ki, həm Avroparlamentin, həm Avropa Şurasının, həm də digər beynəlxalq qurumların üzvləri ilə bu yöndə dəfələrlə müzakirələr aparılıb:

“Biz dəfələlərlə bu məsələni müzakirə etmişik. Mən özüm bir hüquqşünas kimi şəxsən onlardan soruşmuşam ki, “siyasi məhbus” məsələsi ilə bağlı kreiteriyanız nədir, onlar isə çox primitvcəsinə çavab veriblər ki, bəs bizim hüquqşünaslar yığışıb bir yerə “siyasi məhbus” məsələsi ilə bağlı kriteriya müəyyənləşdiriblər. Demişəm ki, siz deyirsiniz ki, həmin kriteriyalarla Azərbaycanda “siyasi məhbus”lar var, o zaman mən də deyirəm ki, həmin kriteriyalarla bağlı Azərbaycanda “siyasi məhbus”lar yoxdur, həmin kriteriyalarla Avropanın özündə, Böyük Britaniyada, Almaniyada və sair ölkələrdə “siyasi məhbus”lar var... Görürsünüz bunların yanaşması nə qədər primitiv və bəsitdir”.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti