İlham Əliyev: `Görüləcək işlərimiz çoxdur`

İlham Əliyev: `Görüləcək işlərimiz çoxdur`
  20 Sentyabr 2014    Oxunub:1445
Sentyabrın 19-da imzalanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev mətbuata bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyevin bəyanatını təqdim edirik:

- Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görməyə şadıq. İnanıram ki, Sizin səfəriniz ölkələrimiz arasındakı münasibətlərin inkişafına əlavə təkan verəcək.

Biz Bolqarıstan ilə əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Ölkəniz bizim üçün Avropada etibarlı tərəfdaşlardandır və aramızda yüksək səviyyəli əməkdaşlıq mövcuddur.

Biz az öncə əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən birgə bəyannamə imzaladıq. Bu, ölkələrimiz arasında yüksək səviyyəli dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin sübutudur.

Burada iqtisadiyyat, enerji, mədəniyyət sahələri əks olunub. Eyni zamanda, bizim üçün çox vacibdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin nizamlanması da qeyd olunur və münaqişənin yalnız beynəlxalq hüquq, yəni dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinin vacibliyi vurğulanır. Biz Bolqarıstana ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə görə təşəkkürümüzü bildiririk.

Biz bu gün əməkdaşlığın bütün aspektlərini müzakirə etdik. İnanıram ki, müzakirə etdiyimiz bütün məsələlər icra olunacaqdır. Artıq bir çox işlər görülüb, ancaq hələ də görüləcək işlərimiz çoxdur. Ölkələrimiz arasında əməkdaşlıq ikitərəfli əlaqələrimizin əhəmiyyətli hissəsini təşkil edir.

Sabah biz bir yerdə tarixi tədbirdə iştirak edəcəyik. “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi təşkil olunacaqdır. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olacaq və Azərbaycana öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verəcəkdir.

Şadam ki, Bolqarıstan “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısıdır. Bu, həm bizim üçün, həm də Avropa üçün vacib layihədir. Azərbaycan Bolqarıstana və gələcəkdə ölkənizin ərazisindən digər ölkələrə qaz nəql edə biləcəkdir. Çünki ixtiyarımızda olan böyük həcmdə qaz ehtiyatımız hesabına biz qaz təchizatının coğrafiyasını genişləndirərək Sizin qonşularınızı da əhatə edə biləcəyik.

Biz enerji təhlükəsizliyi məsələsində gələcək illərdə də fəal məsləhətləşmələr və əlaqələndirmə aparacağıq. Çünki sabahdan biz bir çox ölkələrin iştirakı ilə konkret işlərə başlayırıq. Burada əlaqələndirməyə və addımlarımızın lazımi şəkildə planlaşdırılmasına ehtiyac olacaqdır.

Biz “Cənub” qaz dəhlizi layihəsinin vaxtında və yüksək səmərəliliklə icra edilməsi məsələsinə sadiqik və şübhə etmirəm ki, bu, məhz belə də olacaqdır. Eyni zamanda, biz enerji sahəsində digər layihələri də nəzərdən keçirə bilərik və onları da məhz bu gün müzakirə etdik.

Sərmayə imkanları, tikinti sahəsində fəaliyyət və üçtərəfli formatda müxtəlif əməkdaşlıq imkanları vardır. Bir sözlə, enerji sahəsindəki əməkdaşlığımız şirkətlərimiz üçün mühüm layihələrdə əlavə imkanlar yaradacaqdır.

Biz, həmçinin qarşılıqlı sərmayə qoyuluşu məsələsini müzakirə etdik. Biz Bolqarıstandan Azərbaycana və Azərbaycandan Bolqarıstana sərmayə qoyuluşunu alqışlayırıq. Əminəm ki, bu da qarşılıqlı fəaliyyətimizə əlavə təkan verəcəkdir. Bundan əlavə, mən cənab Prezident vasitəsilə Bolqarıstan şirkətlərini Azərbaycana dəvət etdim. Burada müxtəlif infrastruktur layihələrinə də sərmayə yatırıla bilər, həm də bolqar şirkətləri ölkəmizdə podratçı kimi çalışa bilərlər.

Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyəsi və olduqca mehriban dostluq münasibətlərimiz işgüzar dairələr üçün əməkdaşlığın artırılmasına gözəl imkanlar yaradır.

Cənab Prezident, bu tarixi vaxtda bizimlə olduğunuza görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Sabah biz Azərbaycanın enerji sahəsinin inkişafı üçün müstəsna əhəmiyyətə malik hadisəni qeyd edəcəyik. Sizi bir daha salamlayıram və inanıram ki, əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti