Azərbaycan mətbuatının “MTN”i... - REPORTAJ

Azərbaycan mətbuatının “MTN”i...  - REPORTAJ
  22 Sentyabr 2014    Oxunub:23363
Payızı gözləyirdik...Yağışdan sonra çıxan göyqurşağı, payız reportajımıza daha da rəngarənglik qatacaqdı.

Beləliklə, Redaksiyada bir gün adlı layihəmizin növbəti mənzili “Trend” informasiya agentliyidir. Ünvanı bilirdik: asanlıqla gedib mənzil başına çatdıq.

Qapıdan içəri girəndə səssizlik bizi qarşıladı. Pilləkənlər boyu bu səssizlik kölgəmiz kimi izlədi bizi.

Nəhayət, üçüncü mərtəbədə içəri, otağa daxil olduq və kölgəmizi itirdik.
Baş redaktorun müavini Emil müəllim işinin çox olmasına baxmayaraq, bizi yuxarı və aşağı mərtəbələrlə tanış edə-edə “Ya yuxarıdan aşağı düşməli, ya aşağıdan yuxarı qalxmalısınız”, dedi.

Biz isə cavabımızda: elə yuxarılardan başlasaq yaxşıdır, Emil müəllim

“Kəşfiyyatın belə bir qanunu var: sənə aid olmayan şeyi qurdalama”


“Trend”-in baş direktorunun müavini Arzu Nağıyevlə söhbətimiz zamanı artıq bu səssizliyin sirrini çözmüşdük:

-Bəxtim gətirib ki, mən belə bir kollektivə düşmüşəm. Həm cavan, həm də insanı başa düşən kollektivdir. Kənardan baxanda deyirlər ki, bu jurnalistdir: nə desən, gedib yayacaq. Amma burada çalışan jurnalistlər elə deyillər. Mən həmişə onlara deyirəm: nə varsa, onu yaz, sənə aid olmayan bir şeyi qurdalama. Kəşfiyyatın belə bir qanunu var: sənə aid olmayan şeyi qurdalama. Jurnalistlərlə işləməyin bir çətinliyi o ola bilər ki, jurnalist hansısa mənbəyə istinadən yalan məlumat yaysın. Bax bu qəliz məsələdir. Çünki, mənbəni açmaq heç bir halda doğru deyil”.



“Ya mənbəni açdın, ya da evdəki intim münasibətini , bunların ikisi də eyni şeydir.

-Jurnalistlər arabir müraciət edirlər ki, filan xəbərin mənbəsini açmaq olarmı? Deyirəm, bilirsiniz nə var: siz bu işi oyuncağa çevirməyin, hər bir mənbə bir talehdir. Məsələn, 3 yaşında uşağı zorlayan bir adam haqqında mənə məlumat veriblər, mən o xəbəri verən adamın adını açıqlamalıyam? Niyə açıqlamalıyam axı? Əlbəttə yox. Ümumiyyətlə mənbə açılmamalıdır. Belə bir qayda var, ya mənbəni açdın, ya da evdəki öz intim münasibətini, bunların ikisi də eyni şeydir. Mənbəni açmaq olmaz. İstinad olar, amma mənbə açılmaz.

Söhbətin bu yerində otağın küncündə divardan asılmış şəkilin üzərindəki yazı diqqətimizi çəkir: kiril əlifbası ilə “Qatıxlama”

-Arzu müəllim zarafatla: “Çəkməyin onu”.



Buyurun baxın



Arzu Nağıyev: -Bunu xüsusilə asmışam buradan. Bilmədiyin şeyi danışma mənasında. Sovet dövründə hər telefonun üstündə yazardılar: sizin danışığınız elə bilməyin ki, izlənilmir. Yəni boş-boş danışmayın mənasında. Biz də bunu yazıb oradan asmışıq ki, görsünlər. Sizə bir şey danışım: Bəhlul Danəndə bir gün bütün günü gülür. Soruşurlar nəyə gülürsən, deyir, bazardan keçəndə gördüm ki, qoyunu və dovşanı, hərəsinin öz qarmağından asıblar. Yəni, dediyim odur ki, hərənin öz qarmağı var. Biz də hərəni öz qarmağından asırıq, hər kəsin öz dilində danışırıq. Həmişədeyirəm, nə edirsiniz edin, həddinizi aşmayın, eşitmisən xəbəri, dəqiqləşdir və ver. Sənin işin bu deyilmi? Müxbirlərlə heç vaxt üz-üzə gəlmirəm, sözüm olanda məsul şəxsə deyirəm, beləliklə məsələ həll olunur. Maaş da yüksək səviyyədədir. Həmişə çalışmışıq ki, bura bir ailəvi şirkət olsun. O ailənin dəyəri nədir bilirsiniz? Namusdan, qeyrətdən danışan azərbaycanlı kişi öz həyat yoldaşını, öz gəlinini buraya sərbəst şəkildə işləməyə göndərə bilsin. Burada başqa söhbət ola bilməz. Bura həqiqi bir ailədir. Belə olmasaydı, Trend ola bilməzdi.



Asıb-kəsməkdən söz salan Arzu müəllim, gözümüzü yaman qorxutdu, nə yalan deyək. Qarmağımızdan asılmamış, tez çantamızı götürüb aşağı düşdük.

“Sabah xəbərdə bir yalnışlıq olsa, başı kəsiləsi adam mənəm”, bunu da baş redaktorun müavini Emil Hüseynli deyir. Bunu eşidən kimi, zarafatla: “Biz hara gəlmişik İlahi, reportaj yazacağımız yerdə canımızdan olmayacağıq ki? deyə Emil müəllimə sual veririk:

Emil müəllim (gülür): Bizim vahid iş prinsipimiz var. Azərbaycanın adına aid olan nə varsa, o bizim işimizdir. Hər gün planlaşdırılma olur, mövzular təqdim edilir, günün sonunda səhvlərimizi təhlil edirik, unutduğumuz işləri xatırlayırıq. Məqsəd operativ şəkildə məlumatı ötürməkdir. Bizim üçün bir də ən önəmli məsələ etibarlılıqdır. Mənbəsi olan hər informasiyanı vermirik. Bu gün Azərbaycan reallığında informasiya agentlikləri işlərini portalların fəaliyyəti ilə dəyişik salırlar. Portal ola bilər ki, hər şeyi verə bilər. Amma informasiya agentliklərində bir xəbər yalnış olarsa, bəlkə də 5-6 il çəkilən əziyyət hədər gedə bilər. Ona görə də, maksimum dərəcədə məlumat dəqiqləşdirilmədən informasiya getmir. Məsələn, hazırda əlimizdə o qədər vacib informasiya var ki , amma dəqiqləşdirmədən verə bilmərik”.



“Jurnalistin üzünə baxan kimi hər şeyi bilirəm”.

-Sizin cəza üsullarınız necədir? Arzu müəllim deyir ki, jurnalistlərlə o üz-üzə gəlmir, siz gəlirsiniz?

- Yaradıcı insanları sərbəst buraxmaq və hərənin öz dili ilə danışmaq lazımdır. Məsələn, mən bilirəm ki, hansı jurnalistlə, hansı sözü, hansı formada deyə bilərəm. Burada çətin dolandığım jurnalist yoxdur. Jurnalistin üzünə baxan kimi bilirəm ki, bu evdən problemini də özüylə gətirib. Ona görə əsəbi olanda , heç birinin üstünə getmək lazım deyil və getmirəm də. Amma hər kəs öz işini məsuliyyətlə görməlidir. Çünki işlər çətindir və məsul şəxsəm, xəbərin son redaktəsinə cavabdeh mənəm. Sabah xəbərdə bir yalnışlıq olsa, başı kəsiləsi adam mənəm (gülür).

-Adətən redaksiyada jurnalistlərin ləqəbləri olur. Sizdə belə ləqəblər varmı?

-Çoxlarının ləqəbi var. Sadəcə mətbuatda istəmirəm getsin(gülür)

-Biz istəyirik getsin, deyin gəlsin

-Birinə “solnışka” deyirəm, birinə “kamoş” deyirəm, mənə hərdən emişok da deyirlər(gülür).

Sizə bir şey də deyim: mənim əsas işçilərimdən biri sosial sahədən yazan İlhamə İsabalayevadır. İndi tədbirdədir, amma onun adını “xüsusilə” qeyd edin. Sonra işçim məndən küsməsin.



Qeyd etdik, Emil müəllim, şəkilsiz-filansız İlhamə İsabalayeva

Əsas işçi ilə qiyabi şəkildə tanış olsaq da, universal işçi olan İlkin İzzətlə əyani tanış ola bildik:

-“Trend-də əsasən hüquq-mühafizə, müdafiə və təhlükəsizlik məsələlərinə baxıram. Bundan əlavə, din, diaspora, yol və nəqliyyatla bağlı sahələr də mənim öhdəmdədir. Bəzən bizim xidmətdən hansısa əməkdaş olmayanda onun da işlərini yerinə yetirməli oluram. Trend-də hamı universal olmağı bacarmalıdır. Bütün sahələrdə yazmağı bacarmalıyıq. İnformasiya agentliyinin işi belədir ki, hər gün hər şey sıfırdan başlayır. İstəyirsən, bu gün lap bir milyon iş gör, sabah onsuz da yenə də hər şey sıfırdan başlayacaq. Gün ərzində işimiz çox olur. Bəzən çay içməyə belə imkan olmur. Əyani sübut – baxın, “çaşkama” dünən isti su tökmüşdüm ki, çay içim. Amma mümkün olmadı, su da qalıb soyuyub. Gün ərzində 15-20, bəzən isə 20-30 informasiya hazırlayıram. Onlardan əsasən 3-4-ü, bəzən isə hətta 6-7-si özəl məlumatlar olur.
Trend-də informasiyanın dəqiqliyi hər şeydən önəmlidir.
Trend-in nüfuzu onun dəqiq informasiya agentliyi olmasına görədir. Bəzən biz bir xəbəri dəqiqləşdirənə kimi, o biri agentliklər, saytlar dəqiqləşdirmədən verirlər. Biz dəqiqləşdirməmiş vermərik. Xəbər gecikmiş də olsa, onu dəqiqləşdirdikdən sonra veririk.
Trend hər məlumatı vermir. Burada dövlətçilik, milli təhlükəsizlik xüsusilə nəzərə alınır. Düzdür, bütün dünyada jurnalist profesionallığı belə qəbul olunur ki, jurnalist bildiyini, əldə etdiyi məlumatı verməlidir. Amma biz jurnalist olmaqla yanaşı, həm də azərbaycanlıyıq axı. Azərbaycanın bugünkü şəraitini də nəzərə almalıyıq. Bu məsələləri xüsusilə diqqətdə saxlayırıq.



-Gün ərzində 6-7 özəl məlumat vermək asan iş deyil. Ona görə yaman yorğun görünürsünüz?

-Səhər saat doqquzda işə gəlmişəm, hələ də oturduğum kreslodan ayağa qalxa bilməmişəm (gülür)

-İnşallah biz gedənə kimi ayağa qalxarsınız.



Xəbərləri Rus dilindən Azərbaycan dilinə çevirən tərcüməçi Xuraman xanım da deyəsən ayağa qalxmağa vaxt tapmayan işçilərdəndir. Özü belə deyir: “Burada işlər çox olur. Gün ərzində təxminən 20-ə yaxın xəbər tərcümə edirəm”.
Amma gərgin iş rejimində bir-birimizi başa düşürük, deyirik də gülürük də. Ən çox da Emil müəllim bizi başa düşür (gülür)

-Xuraman xanım burada nəyəsə işarə vurdu, amma biz ariflərə bu işarə yetmədi. Eybi yox, əsas odur siz bir-birinizi başa düşün, biz başa düşməsək də olar.



“Bir də görürsən ki, balaca bir uşaq doğuldu: xəbəri artıq verdik”

Xəbərləri rus dilinə çevirən Kəmalə Seyidova isə açıq-aşkar bizə “Qara siyahı”dan xəbər verir. Aha, deyəsən, redaksiyanın sirrini çözmüşük.

Kəmalə xanım: -Divardakı tabloları görürsünüz, o tablolarda görəcəyimiz işlər qeyd olunur. Siz yaxşı gündə gəlmisiniz, bu gün tədbir azdır. İşin azlığından, çoxluğundan asılı olmayraq xəbərdə səhv etmək ixtiyarımız yoxdur. Birinci və səhvsiz olmalısan. Bizim əsas prioritetimiz budur.

-Elə olur ki, səhvsiz olsanız da birinci ola bilmirsiniz?

-Nadir hallarda olur. Onda otaqda qəribə səs-küy olur,artıq hamı bir-birini başa düşür(gülür). Bir də görürsən ki, balaca bir uşaq doğuldu: xəbəri artıq verdik. Hamı sakitləşir.

-Gərgin iş rejimində çalışırsınız. Bu gərginlik nə ilə çıxır?

-Zarafatlarımız çox olur. Seymur müəllim, Emil müəllim, Rifuz müəllim, arada da Səba xanım replikalar atır(gülür). Bu dörd nəfər elə replikalar atırlar ki, gülüşlə bütün gərginlik çıxır. Sizə bir şey də deyim, bizim adət-ənənələrimiz var,kimin ad günüdürsə, həmin gün tortumuz, dondurmalarımız olmalıdır. Bu dondurmalar da bizi soyudur, oturdur yerimizə(gülür). Siyahımız da var, kimsə tort gətirməsə, onu qara siyahıya salırıq.



Nə yalan deyək, bu otağa girəndə biz də gərginlikdən donsmuşduq. Amma səmimi söhbətdən sonra yavaş-yavaş donumuz açıldı. Elə donumuz açılmışkən zəhmli baxışları ilə bayaqdan diqqətimizi cəlb edən Rus dili xidmətinin rəhbəri Seymur Əliyevə yaxınlaşırıq. Bu günə kimi bütün zarafatların süzgəcindən keçə-keçə gəlsək də, Seymur müəllimin “Mən Trend-də işləmirəm” zarafatını başa düşə bilmədik. Nəysə, əsas odur siz onu başa düşün.



-Mən Trend-də işləmirəm, evdə işləyirəm. Mən səhər saat 9-dan axşam 9-a kimi Trend-də yaşayıram. Evdə isə ata, həyat yoldaşı işləyirəm, amma Trend-də yaşayıram”. Rus dilində Trend-də gedən bütün sosial-iqtisadi, siyasi xəbərlərə məsul şəxs mənəm. Sizi başqa nə maraqlandırsa soruşun deyim.

-Bizə buranın ab-havası maraqlıdır.

-Burada ab-hava çox yaxşıdır. 15 ildir jurnalistikada işləyirəm, amma niyə işlədiyimin cavabını tapa bilməmişəm.(gülür)

-Eşitdik, polemika yaradanlardan biri də sizsiniz.

-OOO, İlahə xanımla polemikalarımız olmasa, gərginliyi azalda bilmərik. Bizim işimizdə psixoloji gərginlik çox böyükdür.



-Onda əsəbi vaxtlarınız çox olar yəqin.

-Mən doğulandan əsəbiyəm. Neyləyim, əsəbiləşməsək bu iş də getməz. İnsanı irəliyə aparan iki şey varsa, biri əsəbdir, digəri də eqoizm.

-Həm də eqoistsiniz?

-Hər insan özünə görə eqoistdir. Eqoizm olmasa, insan başqalarından seçilmək istəməsə, naliyyət qazana bilməz.

-Sizi bu otağın ən əsəbi adamı hesab etmək olarmı?

-Xeyr(gülür). Mən siyahıda ən axırıncı yerdəyəm.(gülür) Əsəbiləşməklə heç bir iş düzəlmir. Hər hansı bir işi görəndə mütləq təmkinli olmaq lazımdır. İşini bitirdikdən sonra əsəbiləşmək olar, dəniz qırağına gedib küləkli havada qışqırasan...Bax bu yaxşıdır, çünki heç kim eşitməyəcək.

Qışqırmağınızı bilmirik, amma bu dediklərinizi hamı eşidəcək Seymur müəllim.



“Mənim günüm Trend-dən başlamır, yoldan başlayır”, bunu isə saytın Ərəb xəbərlər redaksiyasının rəhbəri Rufiz Hafizoğlu deyir:

-Türk və ərəb dünyasında baş verən xəbərləri rus dilinə çevirirəm. Mənim günüm trend-dən başlamır, yoldan başlayır. İşə bir saat tez gəlirəm və bu bir saatda düşünməyə vaxtım olur. Həftə sonra şəhərdən çıxıram, bununla da bütün gərginlik canımdan çıxır. Gəzirəm dağlarda –dərələrdə.

-Deyilənə görə, redaksiyada səs-küylü işçilərdən biri də sizsiniz..

-Onu kim deyibsə zarafat edib yəqin(gülür). Çox tanıdıqlarımla zarafat edirəm. Elə adamam ki, hamı ilə ünsiyyət qura bilirəm. Ən çox da neft-qaz sahəsindən yazan Emil İsmayılovla zarafat edirəm.



-Emil İsmayılov kimdir?

-İlahə xanım kənardan: Emil bizim qocaman jurnalistimizdir.

-Emil dillənir: “Qocaman nədir? Yox bir … Neft-qaz nəqliyyatdan yazıram mən. Mənim işim siyasətdən daha maraqlıdır. Başqa nə deyim axı sizə, çay içirəm(gülür).



Baş redaktorun iqtisadiyyat məsələləri üzrə müavini İlahə xanımın “qocaman” sözü Emili yaman əsəbiləşdirdi. Eybi yox, çayını içsin, əsəbləri sakitləşsin. Biz isə İlahə xanımla söhbətləşək:
-Bu gərginlikdə gözəlliyinizi necə qoruyub saxlayırsınız?

-Başqa cür mümkün deyil. İş çox olsa da, qadın olduğumuzu yaddan çıxarmamalıyıq.

-Sizin də yaman replikalarınız var deyəsən..

-Onu yəqin Kəmalə xanım deyib(gülür). İşimiz o qədər gərgindir ki, hərdən deyib gülməsək mümkün deyil.

-Olurmu bu gərgin iş rejimində çərçivədən çıxasınız?

-İnsan özünü müəyyən çərçivədə saxlamalıdır. Bilməlidir ki, bura ev deyil. Səbirli olmaq lazımdır.



İlahə xanım onu siz deyirsiniz bura ev deyil, 24 saat burada işləyən Toğrul Vəliyev axı belə demir:

-Xəbərləri rus dilinə tərcümə edirəm. Trend-in 2 növbəli işçisiyəm, elə vaxt olur, 24 saat da işləyirəm. Başımı aşağı salıb sakit şəkildə işimi görürəm. Çalışıram ki, səhv etməyim.

-Səhv edəndə nə baş verir ki?

-Redaktorun otağına çağırılıram, söhbət gedir(gülür)

-Sonra da qızarmış Toğrul çıxır çölə hə?

-Müəyyən qədər hə (gülür)



Toğrulun parta yoldaşı Dünyamalıyeva Ülkər də sakit oturub işini görənlərdəndir: “İki gündür buradayam. Sakitçilikdir burada. Çalışıram ki, bu sakitçiliyə riayət edim”.



İran redaksiyasının işçisi Ümid Niayeş isə sözün həqiqi mənasında işini sakit-sakit görür. Özü deyir, biz demirik:

-Cənubi Azərbaycandanam, bizdə xəbərin dəqiqliyi əsasdır. İşimizi sakit-sakit görürük(gülür). Biz 3 nəfərik, İran saytlarında olan bütün xəbərləri izləyirik, yazırıq. Trend İranda da aparıcı bir informasiya agentliyi kimi tanınır.




“Rihanna Bakıya gələndə 3 gün hotelin qabağında yatmışdım”

Trend-in fotoqrafı Zaur Mustafayev başqa işçilərdən fərqli olaraq başına gələn əhvalatlarla məşhurdur:

-Şakira Bakıya gələndə Tofiq Bəhramov stadionunda məşq gedirdi və bizə dedilər ki, onu çəkmək lazımdır. Orada da çəkməyə şərait yox idi. Çünki stadionun hasarı çox hündür idi. Bizə ən azından bir kadr lazım idi. Hasara çıxdım və yıxıldım. Ayağıma nizə də girdi. Amma 2-3 kadr çəkə bilmişdim. Rihanna gələndə isə yadıma gəlir ki, 3 gün hotelin qabağında yatmışdım. Oturub hotelin qabağında gözləyirdim ki, Rihanna çıxsın, kadr tutaq. Onu da çəkə bilmişdim. . Elə vaxt olub ki, maşınımla tədbirə getmişəm və tıxaca düşmüşəm. Maşını elə yolun ortasında qoyub qaça-qaça tədbirə gedib çatmışam.



Multimedia Departamentinin rəhbəri Xumar Ələkbərova isə işin özəlliyinin bu olduğunu deyir: “Bizim işin özəlliyi budur: nə olursa olsun, çəkib verməlisən: şimşək çaxsa da , yağış yağsa da, hətta corabların islansa da, ayaqlarını soyunub gedib şəkilləri çəkməlisən. Bu işlər belə olur, hər şey operativ olmalıdır. Bizdə heç bir üzr, xəstəlik qəbul olunmur. Zaur toy günü birtəhər icazə ala bilmişdi(gülür). Gecə saat 2-3-də də çəkiliş varsa, gedib çəkmək lazımdır”.



Elə operatorunuz Samir Yusubovun üzündən oxumaq olur ki, gecə saat 2-3-də olsa çəkilişə gedirlər.



-Samir, yaman şikayətçi görünürsünüz. Nədəndir şikayətiniz?
-Yorğunam ona görə.
-Nədən yorulmusunuz?
-İşlə bağlı deyil. Amma yorğun olsam da, bu otaqda darıxmıram. Danışırıq, gülürük.
-Bir-birinizdən bezməmisiniz ki?
-Zaur dillənir: Yox, niyə bezməliyik ki, bezməmişik(gülür)
-Zauru bildik, sənin başına nələr gəlib çəkilişdə?
- “Bir həftənin söhbətidir. Moldovalı nazir Bakıya gəlmişdi, onun da bir nəfər qız köməkçisi var. Bizim operatorları da bilirsiniz də, maşallah bir araya gələndə heç kim heç kimi görmür. Adamı tapdalayıb keçirlər. Üzr istəyirəm, həmin o qız mənim ayağımın altında qalmışdı”.
-Elə olubmu, kadr çəkib verə bilməmisiniz?
-8 ildir Trend-in tək operatoru işləyirəm və belə bir hal baş verməyib.

Lap yaxşı, biz nə deyirik ki, sizin işinizin alınmağını istəməyənin gözü çıxsın. Biz bura qaş düzəldən yerdə göz çıxarmağa gəlməmişik, Vallah. Biz jurnalistlər operatorlardan fərqli olaraq bir-birimizi tapdalayıb keçmirik.



Elə bu dəmdə koridorda Trend-in brendi kimi bizə təqdim olunan piar işləri üzrə direktor Cəmilə xanımla tanış oluruq.



Cəmilə xanımdan brendliyin sirrlərini öyrənməyə çalışırıq. O isə bir sözlə cavab verir: “Gördüyünüz kimi telefonlarım susmur”.

Bu cavabdan sonra biz susduq amma..



Beynəlxalq əlaqələr üzrə baş direktorun müavini Elçin isə Trend-in veteran işçilərindəndir.

-Günə həmişəki kimi xaricdə olan həmkarlarımla danışmaqla başladım. Hər gün bir şey çıxır: iş varsa, istəsən də istəməsən də həmin işi görməlisən. Birinci dəfə işi görəndə sənə qeyri-adi gələ bilər. Amma çətini həmin işi görənə kimidir. Trend yaranan gündən buradayam.

-Onda sizə veteran işçi demək olar da.

-Olar(gülür)

-1995-ci ildən burada çalışırsınız, hadisələriniz olmamış olmaz.
- Olub. Hətta elə olurdu ki, bir nəfər on nəfərin işini görürdü. O da yadıma gəlir ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində işlər çox çətin idi. Hətta başqa agentliklərdə 15 nəfərin gördüyü işi Trend üç nəfərlə görürdü. Elə vaxtlarımız da olub. Kollektivimiz böyükdür indi, hər şey yaxşıdır şükür. Nə deyim iş gedir də həmişəki kimi”.



Heç nə demə, təki sizin işiniz getsin ki, bizim də işimiz getsin…

“Trend-in buraxdığı səhv hərf səhvi ola bilər, başqa heç bir şey”.

Redaktor Vəfa Şairova deyir ki, səhvsiz olmaq üçün sakitçilik mütləqdir. Qapıdan içəri girəndə bizi qarşılayan səssizliyi indi daha yaxşı başa düşürdük:

-İş gərgindir, daha çox düşünməliyik, bizə sakitlik lazımdır. İnformasiya agentliyinin qəzetdən üstünlüyü ondadır ki, biz səhvimizi asanlıqla düzəldə bilirik. Trend kifayət qədər ciddi və nüfuzlu agentlikdir. Gün ərzində 100-ə qədər xəbər redaktə edirəm və maksimum dərəcədə çalşıram ki, səhvlərə yol verməyim. Trend-in buraxdığı səhv hərf səhvi ola bilər, başqa heç bir şey.



Elə bizim də bu reportajda buraxdığımız səhvlər hərf səhvi ola bilər. Ən maraqlı və səhvsiz hissəni isə sona saxladıq. Mədəniyyət müxbiri Vüqar İmanovla dadlı-məzəli söhbətləri indi oxuyacağını gözləyirsiniz hə?



Amma, üzrlü sayın, bu söhbətlər “KADRARXASI” söhbətlər idi. Əsas işinin nə olduğunu isə gizlətmirik, öz dili ilə təqdim edirik:

-Mədəniyyətə xidmət edirik. “Trend life” ən çox oxunan səhifələrimizdəndir. Əsas işimiz, Azərbaycan mədəniyyətinə xidmət etməkdir: dahi sənətkarların tədbirlərini, yaradıclıq axşamlarını, festivalların açılışını , beynəlxalq səviyyəli tədbirləri işıqlandırmaq, kinofestivallarda, caz festivallarında, klassik axşamlarda iştirak etmək”.



P.S. Reportajdan sonra, naharda bizə aş qonaqlığı verən rəhbərliyə təşəkkür edirik.

Mirvari Nəcəf
Şahanə Rəhimli,
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti