20 il həbsdə yatmış şəxs təzədən tutuldu - FOTO

  23 Sentyabr 2014    Oxunub : 1298
20 il həbsdə yatmış şəxs təzədən tutuldu - FOTO
Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşları qanunsuz odlu silah əldə edib gəzdirməkdə təqsirli bilinən şəxsi yaxalayıb.

DİN-in mətbuat xidmətindən AzVison.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər də 8 dəfə məhkum olunmaqla 20 il həbsdə yatmış Bakı şəhər sakini, 43 yaşlı Çingiz Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üstünə baxış zamanı sandıqçasında 3 ədəd güllə olan “Makarov” markalı tapança aşkarlanaraq maddi sübut kimi götürülüb.

Təxminən 2 ay əvvəl azadlığa çıxan Çingiz Hacıyev ilkin ifadəsində bildirib ki, silahı guya bir neçə gün bundan qabaq tapıb. Elə həmin vaxtdan da üstündə gəzdirməyə başlayıb. Saxlanılan şəxs onu da bildirib ki, tapançanı satmaq niyyətində olub. Bunun üçün müştəri də axtarıb. Lakin polis əməkdaşları onu yaxaladığından istəyinə çata bilməyib.

Silahdan hər hansı cinayətdə istifadə edilib edilmədiyini kriminalistik ekspertiza araşdırır. Faktla bağlı cinayət işi açılıb, istintaq saxlanılan şəxsin soyğunçuluq və oğurluq cinayətləri törətdiyini də ehtimal etdiyindən bu istiqamətdə araşdırmalar davam etdirilir. Gördüyünüz bu şəxsin cinayət əməllərindən zərərçəkmiş vətəndaşlardan Xətai Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.



Teqlər: