`İlham Əliyevin kralla şəxsi dostluğu var` - Nazir

`İlham Əliyevin kralla şəxsi dostluğu var` - Nazir
  24 Sentyabr 2014    Oxunub:2221
Bu gün Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə rəsmi qəbul təşkil edib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Səudiyyə Ərəbistanının inkişaf tarixi barədə məlumat verib. Səudiyyə Ərəbistanı ilə Azərbaycanı qardaşlıq əlaqələrinin birləşdirdiyini söyləyən səfir bu əlaqələrin qarşılıqlı hörmətə, səmimiyyətə, İslam irsinə və müştərək tarixə əsaslandığını bildirib.

Diplomat əlaqələrimizin qurulmasında ümummilli lider Heydər Əliyevin rolunu vurğulayıb. O əlavə edib ki, ikitərəfli münasibətlərin inkişafında Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun və Azərbaycan Prezidenti İlham Əliyevin mühüm xidmətləri var.
Musaid bin İbrahim bin Abdullah Əl-Səlim əmin olduğunu bildirib ki, qardaş ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylər gələcəkdə də davam edəcək. O vurğulayıb ki, Səudiyyə Ərəbistanı Azərbaycan ilə əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevin adından Səudiyyə Ərəbistanı xalqını təbrik edib, sülh və əmin–amanlıq arzularını çatdırıb. Nazir siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq olduğunu bildirən Şahin Mustafayev bu uğurlu əlaqələrin əsasında Prezident İlham Əliyev ilə Kral Abdullah bin Əbdüləziz Al Səudun şəxsi dostluq münasibətlərinin, eləcə də yüksək səviyyəli rəsmi nümayəndələrin mütəmadi qarşılıqlı səfərlərinin dayandığını vurğulayıb. O, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Teqlər:  





Xəbər lenti