İlham Əliyev Qəbələdə açılış etdi - FOTOLAR

İlham Əliyev Qəbələdə açılış etdi - FOTOLAR
  24 Sentyabr 2014    Oxunub:3635
Prezident İlham Əliyev sentyabrın 22-də Qəbələ Arxeoloji Mərkəzinin açılışında iştirak edib.

AzVision.az-ın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri İlyas Babayev prezident İlham Əliyevə mərkəzdə görülən işlərlə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, Qəbələ Arxeoloji Mərkəzinin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Burada, həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ofisi də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev mərkəzin sərgi salonu ilə tanış olub.

Burada toplanan zəngin eksponatlar bir daha sübut edir ki, Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngindir və Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının uzun bir dövr ərzində paytaxtı olmuş Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Rayon mərkəzindən 20 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen və digər mühüm şəhərləri ilə müqayisə olunur. Burada aparılan çoxillik arxeoloji tədqiqatlar nəticəsində antik dövrə aid böyük binaların, qala divarlarının qalıqları, istehsal və sənətkarlıqla bağlı maddi-mədəniyyət abidələri aşkara çıxarılıb.

2400 illik tarixi olan, qədim “İpək yolu”nun üzərində yerləşən Qəbələ şəhərinin adı hələ eramızın I əsrində yaşamış Roma alimi Böyük Plininin “Təbii tarix” əsərində Kabalaka adlandırılıb. Yunan coğrafiyaşünası Ptolemey Qəbələni Xabala, ərəb tarixçisi Bəlazuri isə Xəzər kimi təqdim edib. İlk dəfə Azərbaycan alimi Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Kabala və ya Xabalanın Qəbələ olduğunu göstərib. Beləliklə, əsrlər boyu Azərbaycan torpaqlarına göz dikən yadelli işğalçıların amansız hücumlarına mərdliklə sinə gərən Qəbələ şəhəri tarixin yaddaşına alınmaz, məğlubedilməz qala-şəhər kimi daxil olub. Məhz bu amil şəhərdə zəngin maddi-mədəniyyət abidələrinin yaranmasına rəvac verib. Qəbələ Arxeoloji Mərkəzi də şəhərin tarixi keçmişini və bu gününü öyrənmək, qoruyub saxlayaraq gələcək nəslə çatdırmaq baxımından əvəzedilməz məkandır.

Diqqətə çatdırılıb ki, artıq bir neçə ildir rayonda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji qrupu və SEBA-nın dəstəyi ilə Koreya arxeoloqları birgə qazıntı işləri həyata keçirirlər. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Qazıntılar zamanı əldə olunan 1500-ə yaxın eksponat sərgidə nümayiş etdirilir. Əldə olunan yeni eksponatlar Arxeoloji Mərkəzdə ən müasir texnologiyalara cavab verən laboratoriyalarda bərpa olunduqdan sonra nümayiş etdirilir. Əldə edilən bütün eksponatlar haqqında dövri hesabatlar və tapıntı kitabları nəşr olunub.

Qalereya




Teqlər:  



Xəbər lenti