Mülk sahibindən Əli Kərimliyə sərt ittihamlar

  24 Sentyabr 2014    Oxunub : 1202
Mülk sahibindən Əli Kərimliyə sərt ittihamlar
“Əli Kərimlinin ayaqqabısının bir tayı götürülsəydi, dünyanı dağıdardı. Bir hərəkətlərinə baxsın. Mən pis iş görüb onlara qərargah vermişəm? Budur yaxşılığım? Deməli, ortada başqa işlər var. Gileyimlə bağlı arabir facebook səhifəmdə atmacalar yazıram. Cəbhəçilər də deyirlər ki, yazma, belə etmə. Axı mən də insanam, mülküm dağıdılıb, kompensasiya verilməyib?!”.
AzVision.az xəbər verir ki, bu fikirləri AXCP-nin qərargah kimi istifadə etdiyi, bir neçə ay əvvəl partlayış baş verdikdən sonra sökülən mülkün sahibi Azər Əsgərov “Yeni Müsavat”a müsahibəsində deyib.

A.Əsgərov Əli Kərimliyi ittiham edərək onun müdafiəsinə qalxmadığını deyib:

“Bu yeddi ay ərzində mənə güclü dəstək verilməyib. “Azadlıq” qəzeti müsahibələrimin, mətbuat konfransında çıxışlarımın yarısını çap edir. Partiyada Gözəl Bayramlıdan başqa maraqlanan olmayıb. Bununla bağlı Həsən Kərimliyə və Gözəl Bayramlıya gileyimi çatdırdım. Ötən şənbə günü yazı qoydular, bazar günü saytdan çıxarıldı.

Mənim nə qəzetə, nə AXCP-yə etibarım qalıb. Əli Kərimli martın 4-də çıxışında mülkün partladılmasını partiyaya qarşı dövlət terroru adlandırıb, vəssalam. Mənim onlara, müxalifətə görə mülküm əlimdən çıxıb, bu günə kimi ciddi şəkildə dəstək görməmişəm. Ondan sonra Əli Kərimli facebookda partiyanın qərargahsız qaldığını yazıb, mənə aid hissəyə toxunmayıb. Bu da müxalifət liderinin çıxışı... Belə görünür ki, ortada başqa məsələlər dönür.

Mən Türkiyədə yaşamışam, siz isə jurnalistsiniz. Hansı işlər döndüyünü məndən yaxşı bilməlisiniz. AXCP bu qədər vaxtda vətəndaşa ziyan dəydiyini deməyib, elə 7 aydır dişimə vura-vura gəlirəm. Yəqin yuxarıdan göstəriş verilib. Mən çox şey öyrənmişəm və açıqlayanda AXCP çalxalanacaq, zəlzələ olacaq. Hələlik gözləyirəm. Gəminin kapitanı ya hamı ilə birlikdə batar, ya da axırda sərnişinlərdən sonra göyərtəni tərk edər. Burda əksinə olub. Əli Kərimli hadisə olan günü qərargaha gəlmədi. Məndə olan məlumata görə, partiyanın Bakı şöbələrindən maşınlarla dolu adamlar gəlmək istəyib, partiya rəhbərliyi geri qaytarmağı tapşırıb. Yenə deyirəm ki, o gündən bəri mənimlə Gözəl Bayramlı maraqlanıb”.

AzVision.az

Teqlər: