Azər Sarıyev: “... ona çatmaq istəyirəm”

Azər Sarıyev: “... ona çatmaq istəyirəm”
  24 Sentyabr 2014    Oxunub:2506
Bu gün tanınmış jurnalist Azər Sarıyevin doğum günüdür. Öz qələmi ilə mətbuatda hörmət sahibi olan Azər Sarıyev 40 yaşını qeyd edir.
Ömrünün 40-cı payızını yaşayan jurnalist doğum günü təəssüratlarını AzVision.az-la bölüşüb.

İndiyə kimi doğum günlərini xüsusi qeyd etmədiyini deyən A.Sarıyev 24 sentyabrın onun üçün bir o qədər əlamətdar olmadığını səmiyyətlə diqqətə çatdırıb.

“Açığı deyim ki, mən doğum günlərimi xüsusi qeyd etməmişəm. Dostlar hardasa yığışıb, qeyd ediblərsə, başqa məsələ... Amma mənim özüm tərəfimdən heç vaxt belə bir təşəbbüs olmayıb.

40 yaşa da digər adi günlər kimi baxıram. Hesab edirəm ki, insanın həyatında elə günləri olur ki, onun doğum günündən də əlamətdar olur, böyük hadisə sayıla bilir. Həm də doğum günü elədir ki, insanın özündən asılı bir şey deyil, yəni insanın özü tərəfindən atılan addım və ya hansısa görülən işin yekunu deyil ki, insan öz əməlinin, uğurunun nəticəsi kimi qeyd edə bilsin.

Allah bizi yaradıb, məsləhət bildiyi bir gündə doğulmuşuq. Buna görə Allaha minnətdar olmalıyıq”.

A.Sarıyev bildirib ki, indiyə qədər “hansı yaşda nələrim olacaq”deyə bir məqsədi olmayıb:
“Heç vaxt öz qarşıma belə məqsəd qoymamışam ki, hansısa yaşımda nəyimsə olsun. Hansısa məqsədə çatmaqdan ötrü təqvim planı tutmamışam. Sadəcə minimum ehtiyacların ödənməsi üçün nə lazımdırsa, ona çatmaq istəmişəm. O ki, qaldı qeyri-maddi şeylərə - insanlarla, dostlarla münasibətdə çalışmışam ki, heç kimin xətrinə dəyməyim, insanlar məndən inciməsin, kiminsə işinə yarayım. Yəni, əsas olaraq insanlarla münasibətimi xeyirxahlıq üzərində qurmuşam. Ailədən belə görmüşəm”.

“Bəs bundan sonra hansısa bir məqsədiniz varmı? sualını isə A.Sarıyev belə cavablandırıb: “Mən fatalist adamam. Düşünürəm ki, alnımda nə yazılıbsa onu görəcəyik”.

Qeyd edək ki, A.Sarıyev 1974-cü il sentyabrın 24-də İmişlidə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. Azər Sarıyev mətbuata “Avrasiya” qəzetində tərcüməçi işləməklə gəlib, 1997-1998-ci illərdə həmin redaksiyada siyasət müxbiri kimi çalışıb. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib. Daha sonra “Palitra” qəzetində baş redaktor olub (1999-2003). “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə də əməkdaşlıq edib.

Altı il jurnalistikada (üç il reportyor, üç il baş redaktor) işlədikdən sonra 2003-cü il avqustun 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə gətirilib. 11 il MSK-da şöbə müdiri vəzifəsində çalışdıqdan sonra AzərTAc-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə xüsusi müxbiri təyin edilib. Bir müddət sonra bu postdan istefa verib. Hazırda ölkə mediasında müxtəlif mövzularda yazılarla çıxış edir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti