Bakıda ev fırıldağı: ehtiyatlı olun! (AKTUAL)

Bakıda ev fırıldağı: ehtiyatlı olun! (AKTUAL)
  24 Sentyabr 2014    Oxunub:9419
Son vaxtlar bir sıra tikinti şirkətlərinin cinayət əməlləri ilə bağlı mətbuatda silsilə yazılar dərc olunur. Nədənsə tikinti adı altında pərdələnmiş bəzi işbazlar özlərinə şirkət açaraq, vətəndaşları aldadır, eyni mənzili bir neçə nəfərə sataraq küllü miqdarda pullar qazanırlar. Yalanın ömrü 40 gün olduğu kimi onların da çirkin oyunları çox çəkmir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyatlar nəticəsində fırıldaqçı tikinti şirkətləri ifşa edilərək barələrində cinayət işi açılıb.

Onlardan “Lalə-H”, “Oba”, “Dağlar”, “Ayla” və bir neçə Mənzil-Tikinti Kooperativini (MTK) misal göstərmək olar.

Bu şirkətlər barəsində 100 min manatdan 800 min manatadək korrupsiya faktı aşkar edilib. Onlar bir mənzili bir neçə vətəndaşa satmaqla onlara mülli miqdarda ziyan vurub.
Son illər belə hallarla qarşılaşan vətəndaşların sayında artım müşahidə edilir. Tikinti işbazları tərəfindən aldadılan vətəndaşlar verdikləri pulları geri ala bilmirlər.

Bəs, vətəndaşlar fırıldaqçı tikinti şirkətlərinə aldanmamaq üçün nə etməlidir?

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı AzVision.az-a açıqlamasında bildirib ki, bu cür problemlər daha çox son dörd ildə yaranıb.

Ekspertin sözlərinə görə, bu məsələ qanunla tənzimlənməlidir:

“Bu məsələ mütləq şəkildə mülki qanunvericiliyin tələblərinə uyğun tənzimlənməlidir. Burada vətəndaş və müqavilələrin tərtib olunması ilə bağlı müddəalar tam şəkildə təmin olunmalıdır. Həmçinin vətəndaşlar hər hansı bir mənzil-tikinti kooperativi arasında bağlanan müqavilə, birmənalı olaraq notariat kontorlarında təsdiq olunmalıdır. Bu bağlanan müqavilələrə dövlət təminatının həyata keçirilməsi və digər tərəfdən düzgün reyesterin aparılması üçün faktdı.

Digər tərəfdən tikinti şirkətlərinin müəyyən mənada vergidən yayınmasının qarşısını ala bilər. Belə ki, tikinti şirkətlərinin alqı-satqıya çıxardıqları əmlak artıq dövlət reyesterində hüquqi baxımdan qeydiyyatdan keçmiş olur. Əks halda istehlakçının özü tərəfindən məsələnin tam şəkildə nəzarətdə saxlanılması bir qədər mümkün görünmür”.

R.Osmanlı bildirib ki, yeni tikilən binalardan mənzil alan fiziki şəxslərin həmin şirkətin sənədlərini təhlil etmək imkanını yoxdur:

“Fiziki şəxs hansısa mənzil-tikinti kooperativi ilə müqavilə bağlayırsa, həmin şəxsin imkanları məhduddur ki, o həmin tikinti şirkətinin müvafiq sənədlərini təhlil etsin, onun nə dərəcədə düzgün olmasımı araşdırsın. Eyni zamanda mənzil almaq istəyən şəxsin elə bir imkanı yoxdur ki, mənzil-tikinti kooperativinin ona satdığı mənzili başqa istehlakçıya satılmasını öyrənə bilsin. Bu məsələ birmənalı olaraq dövlət tərəfindən qeydiyyata alınmalıdır. Notariat kontorları tərəfindən müqavilələr mütləq şəkildə qeydiyyatdan keçməlidir”-deyə ekspert vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti