Ermənilər Leyla Yunusa görə Azərbaycana hücuma keçirdilər - MÜSAHİBƏ

Ermənilər Leyla Yunusa görə Azərbaycana hücuma keçirdilər - MÜSAHİBƏ
  25 Sentyabr 2014    Oxunub:2492
Sosialist İnternasionalının (“Sosintern”) MDB, Qafqaz və Qara dəniz hövzəsi regional komitəsinin növbəti iclası keçirilib. AzVision.az xəbər verir ki, iclasda Azərbaycan Sosial Demorkat Partiyasının sədri Araz Əlizadə də iştirak edib. Onun komitədə 4 çıxışım olub.

- İlk olaraq Ukraynada baş verənlərlə bağlı fikirlərimi iclas iştirakçıları ilə bölüşdüm.- deyə Araz Əlizadə AzVision.az-a bildirib. - İclasın birinci günü mövzu Amerika Rusiya münasibətləri idi. ABŞ-ın, Avropanın Ukraynada vəziyyəti bu hala çatdırmağına təəssüfümü bildirdim. Dedim ki, mənim Rusiyaya rəğbətim yoxdur, Rusiya Qarabağı işğal edib ermənilərə verib, amma Ukraynadakı hadisələrə baxanda biz görürük ki, burada Rsuiyanın heç bir günahı yox idi. ABŞ 5 milyard dollar xərcləyib Krımı Rusiyaya hədiyyə etdi və Putin də əlbəttə ki, bu hədiyyəni qəbul etdi. Rusiyanın Krımda hərbi donanmasının qalması ilə bağlı 2050-ci ilə qədər müddəti olan müqaviləsi var idi. ABŞ isə Ukrayna Assosiasiya haqqında sazişi imzalamadan elan etmişdi ki, Sevastopolda ABŞ hərbi donanmasının bazası yaradılacaq.

Onu da qeyd etdim ki, insanların əlindən evini alıb? onun hüququnu pozmaq olmaz. Ukraynada indi hakimiyyətə faşistlər gəlib. Əgər ilk dövrdə meydana toplaşanlar oliqarxlara qarşı olduqlarını deyirdilərsə, əslində indi hakimiyyətdə oliqarxlardır.

- Qarabağ problemi ilə bağlı nə danışdız?

- İclasdakı ikinci çıxışı Qarabağ probleminə həsr olunmuşdu. Qafqazdakı vəziyyətdən danışdım. Qeyd etdim ki, Qarabağda vəziyyət düzəlməyənə qədər Cənubi Qafqazda da sabitlik olmayacaq. Azərbaycan isə heç vaxt öz torpaqlarının işğalı ilə razılaşmayacaq. Yenə də Rusiyanın rolunu qeyd etdim ki, onların əlilə Qarabağ ermənilər tərəfindən işğal olunub.

Üçüncü çıxışımın mövzusu komitənin daxili məsələlərinə həsr olundu.

- Bəs son çıxışınızda nədən danışdınız?

- Bundan sonra mənim çıxış etmək fikrim yox idi. Azərbaycanda demokratiya sahəsindəki vəziyyətin yavaş-yavaş yaxşılaşdığını qeyd etdim. Bu da məni qane edir. Qəhvə içməyə çıxmışdım, bu zaman ermənilər çıxışlarında dedilər ki, Araz Əlziadə İlham Əliyevin lobbisinə çevrilib və deyir ki, Azərbaycanda demokratiya inkişaf edir. Mən də ermənilərə cavab verdim. Dedim ki, Ermənistanı mafiozlar idarə edir, Daşnak partiyasının bu haqda danışmağa haqqı çatmır. Çünki onlar özləri həmin mafioz rejimlə ortaqdırlar. Daha sonra isə Azərbaycanda sosial sahədəki irəliləyişlərdən danışdım. Qeyd etdim ki, müxalifətçiyəmsə, nankor olmamalıyam. İnkişafdan da danışmalıyam, səhvlərdən də. Çünki müxalifətin əsas borcudur ki, həqiqəti desin.

- İclasda Azərbaycanla bağlı hansısa tənqidi fikir səsləndimi?

- Nümayəndələrdən biri Leyla Yunusu əsas gətirərək Azərbaycanda insan haqlarının pozulduğunu dedi. Mən də cavabımda bildirdim ki, Leyla Yunus ermənilərin agentidir və əvvəllər bizim partiyamızın üzvü olub. Partiyada ancaq dedi-qodu ilə məşğul olub. O, pula görə anasını da satmağa hazır adamdır. O, balaca, hirsli, qəzəbli insandır. Yada salmaq lazımdır ki, o, bizim partiyamıza Xalq Cəbhəsindən gəlmişdi və Müdafiə Nazirliyinin informasiya-analitik şöbəsinin rəisi oldu. Ermənilər yazır ki, onlara çoxlu informasiya ötürüb. Bir sözlə, belə insanın haqlarının pozulmasından danışmağa dəyməz.

Ermənilər Leyla Yunusun fəxri legion ordeninin olduğunu vurğuladılar. Cavabımda dedim ki, dünyada bir çox mükafatlar var ki, onların artıq dəyəri qalmayıb. Məsələn, Leyla Yunusa o orden müstəsna xidmətlərinə görə verilib. İndi isə o ordenin mənası itib. Necə ki, Qorbaçov Bakıda, Vilnüsdə, Almatıda insanları qırandan sonra ona Nobel sülh mükafatı verdilər. Necə ki, Obama İŞİD-lə mübarizəyə başlamamış ona Nobel sülh mükafatı verdilər, indi bütün dünyanı qırır. Artıq eşidəndə ki, kimsə Nobel sülh mükafatı laureatıdır, qaçıb gizlənmək lazımdır. Çünki bu mükafatın mənası heçə enib.

- “Sosintern”in iclaslarından birinin Bakıda keçirilməsi gözlənilirmi?


- Düşünürəm ki, gələn il bizdə olacaq bu iclas. Rəsmi müraciət etməsək də, bu barədə danışıqlar olub. Hələ qərar qəbul olunmayıb, amma biz komitənin iclasını da, məşvərət şurasının iclasını da qəbul etməyə hazırıq. Onu da deyim ki, Sosinternin baş katibi dekabrda Bakıya gələcək. O, bizim partiyanın 25 illik yubileyində iştirak edəcək və partiya üzvlərilə görüşəcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti