Xəstələrimiz niyə İrana üz tutur? - VİDEO
Azərbaycanlı xəstələrin çoxu Təbrizə və Ərdəbilə üz tutur. Aydın məsələdir ki, dil məsələsinə görə. Amma əhalisinin böyük əksəriyyətini farslar təşkil edən Gilan vilayətinin ayrı-ayrı şəhərlərinin xəstəxanalarını da seçənlər az deyil. Familə Məmmədova kimi. O, Rəşt şəhərinin klinikalarının birində müalicə alır. Dil problemi də yoxdur. Çünki, Azərbaycandan xəstə axını İranın Azərbaycan dili işlək olmayan şəhərlərinin xəstəxanalarını da müəyyən addımlar atmağa vadar edib. Məsələn, Rəştdə olarkən bizi bir özəl klinikaya apardılar. Baş həkim Əlirza Kərimzadə əslən azərbaycanlıdır. Həyat yoldaşı ilə birlikdə sahibi olduğu klinikanı yenicə inşa etdirib. Məqsəd aydındır, bir halda ki, Azərbaycanlılar şəfa üçün İrana axışır, onlar niyə təkcə Ərdəbili, Təbrizi və yaxud tamamilə başqa bir ölkəni seçməlidirlər? Ona görə də, bütün şöbələrdə Azərbaycan dilini bilən kadrlar yerləşdirib. Həm özü qazansın, həm xəstələri.
“30 il müddətində uşağı olmayan bir xəstə bizə müraciət etmişdi. Biz onu müayinə və müalicə etdik, nəticədə həmin şəxs övlad sahibi oldu. Hazırda klinikamızda hər çür şərait var”, – deyə İranlı mütəxəssis Əlirza Kərimzadə qeyd edib.
Ötən il İran İslam Respublikasının Astara şəhər xəstəxanasına 281 nəfər Azərbaycan vətəndaşı müraciət edib. Onlardan 41 nəfəri Astara xəstəxanasında yatmalı olub, 61 nəfəri ambulator müayinə alıb.
Ümumilikdə bu xəstələrin müalicə xərcləri 13 min manat təşkil edib. Bunu Astaranın qubernatoru Siruz Şəfəqi bizimlə söhbətində bildirdi.
Onun sözlərinə görə, İranda müalicə xərclərinin aşağı olması azərbaycanlıların diqqətini bu ölkəyə cəlb edir və onlar da bu faktoru nəzərə alıb tezliklə Astarada 130 yerlik xəstəxananın açılışını edəcəklər. Yeri gəlmişkən, İranın Astara şəhərində “Hepatit” virusu klinikası da fəaliyyət göstərir ki, bu xəstəxana xüsusi olaraq Azərbaycan vətəndaşları üçün tikilib.
Onu da deyim ki, bu ölkədə “Hepatit” virusu analizlərinə xəstələrimiz cəmi 10 manat xərcləyirlər. Onlar az, Azərbaycan isə daha çox itirir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


