Əli Həsənov icra başçılarına tapşırıq verdi

Əli Həsənov icra başçılarına tapşırıq verdi
  25 Sentyabr 2014    Oxunub:1845
Sentyabrın 25-də Baş nazirin müavini, Qaçqınların və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamal rayonu ərazisindəki Qanlı göl ətrafında məskunlaşan və sentyabrın 8-də səhər saatlarında Abşeron rayonunun Xırdalan şəhərindəki tikintisi yarımçıq qalmış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində evləri dağılmış məcburi köçkün ailələri üçün müvəqqəti olaraq ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən quraşdırılmış çadırlarda yerləşdirilmiş məcburi köçkünlərlə görüşüb.
Komitədən AzVision.az-a verilən məlumata görə, əvvəlcə Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlərlə görüşən Əli Həsənov bildirib ki, Bakı şəhərinin baş planına əsasən, bu ərazinin də tam abadlaşdırılması nəzərdə tutulduğundan burada məskunlaşan məcburi köçkünlər yaxın günlərdə həmin yerdən onlar üçün Yasamal rayonu ərazisində tikilmiş binaya köçürüləcəklər.

Məcburi köçkünlərlə görüşdə həmçinin onların bir sıra problemləri dinlənilib, narahatlıq doğura biləcək məsələlərə hərtərəfli aydınlıq gətirilib. Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq müvafiq qərarlar qəbul edilir. Görüşdə əraziləri işğal olunmuş rayonların İcra Hakimiyyətlərinin başçıları da iştirak ediblər.

Sonra “Dövlətqaçqınkom”un sədri Əli Həsənov Abşeron, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları ilə birlikdə Xırdalan şəhəri ərazisində FNH tərəfindən qurulmuş çadırlardakı vəziyyətlə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyyələrini verib.

Əli Həsənov həmçinin qeyd edib ki, hazırda partlayış olan binanın iki blokunda təmir-bərpa işləri davam etdirilir. Tezliklə həmin iki blokdan köçürülən məcburi köçkünlər öz yerlərinə qaytarılacaqlar. Partlayış nəticəsində tam yararsız hala düşmüş digər bir blokun sakinləri isə yaxın vaxtlarda yeni mənzillərlə təmin olunacaqlar.

Əli Həsənov onların nəzərinə çatdırıb ki, baş vermiş hadisə nəticəsində yaranmış vəziyyət ilk gündən cənab Prezidentin diqqət mərkəzindədir.

Qeyd edək ki, ərazidə tibb məntəqəsi, yeməkxana və digər zəruri xidmət məntəqələrinin normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, onlar zəruri avadanlıqlarla təchiz edilib, məcburi köçkünlərin gündəlik təlabat mallarına ehtiyaclarının təmin olunması üçün müvafiq tədbirlər həyata keçirilib. Həmçinin onlar gündə üç dəfə isti yeməklə və digər zəruri ərzaq məhsulları ilə, yataq dəstləri ilə, digər avadanlıqlarla da təmin ediliblər.

Məcburi köçkünlər baş vermiş bu faciəvi hadisə ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində dərhal atılan addımlara görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti