Azərbaycanda səfərbərlik hazırlığı

Azərbaycanda səfərbərlik hazırlığı
  26 Sentyabr 2014    Oxunub:2322
Silahlı Qüvvələrin tibb xidmətinin və Səhiyyə Nazirliyi mütəxəssislərinin iştirakı ilə Azərbaycanda hərbi səfərbərlik istiqamətində ilk dəfə regional hərbi tibbi təlim toplanışı keçirilib.
AzVision.az-ın məlumatına görə, Trend-in rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin məbuat xidmətindən bildiriblər ki, bu günlərdə ölkənin qərb bölgəsində Silahlı Qüvvələrin birləşmə və hissələrinin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə keçirilən genişmiqyaslı hərbi təlimlərə müxtəlif ixtisaslı hərbi vəzifəlilərlə yanaşı, Səhiyyə Naziriliyinin müalicə müəssisələrində çalışan həkimlər, cərrahlar, anestezioloqlar və cərrahi briqadaların əməliyyat tibb bacıları da səfərbər ediliblər.

Təlim toplantısında Silahlı Qüvvələrin tibb xidmətinin, hərbi tibb fakültəsinin zabitləri və Səhiyyə Nazirliyinin mütəxəssisləri istirak ediblər. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi qayğının nəticəsi olaraq, Silahlı Qüvvələrdə müasir tələblərə cavab verən, yeni avadanlıqlarla təchiz edilmiş hospitallar, poliklinikalar, tibb məntəqələri istifadəyə verilib, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş mobil səhra hospitalları yaradılıb, yaralıların təxliyyəsi üçün ən müasir sanitar helikopterlər və reani-mobillər istifadəyə verilib.

Qeyd edilib ki, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən tədbir hərbi və mülki tibb müəssisələrinin hərbi münaqişə zamanı fəaliyyətlərinin düzgün əlaqələndirilməsinə yardımçı olacaq.
Bildirilib ki, Silahlı Qüvvələrdə hərbi səfərbərlik istiqamətində ilk dəfə keçirilən regional hərbi tibbi təlim toplanışının keçirilməsinin məqsədi mülki səhiyyə ocaqlarında çalışan mütəxəssisləri ekstremal səraitdə tibbi fəaliyyətin iş prinsipləri və xüsusiyyətləri ilə tanış etmək, onlara hərbi şəraitdə işləmək xüsusiyyətlərini aşılamaqdan ibarətdir.
Tədbirdə bunun bir başlanğıc olduğu, digər bölgələrdə də belə təlim toplanışların təşkil olunacağı açıqlanıb.

Təlim toplantısında “Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralanmalarının müalicəvi xüsusiyyətləri, hərbi travmaların müalicəsində müasir yanaşmalar”, “Hərbi travmalar zamanı anestezioloji-reanimasion yardımın təşkili və göstərilməsi xüsusiyyətləri”, eləcə də maraqlı və aktuallığı ilə seçilən digər mövzularda məruzələr dinlənilib.


Teqlər:





Xəbər lenti