“Prezidentin sərəncamı təxribatların qarşısını alacaq”

“Prezidentin sərəncamı təxribatların qarşısını alacaq”
  26 Sentyabr 2014    Oxunub:2116
“Prezidentin cəbhədəki təhlükəsizliklə bağlı sərəncamı cəbhəyanı zonaların təhlüksəziliyinin gücləndirilməsinə xidmət edən çox mühüm bir addımdır. Bu yöndə illərin müşahidələri, təcrübəsi var”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Prezidentin İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamını şərh edən deputat ölkə başçısının bu addımını yüksək qiymətləndirib.

Z.Oruc hesab edir ki, bu cür hüquqi addımlar regionun həyatına, onun gələcəyinə və sosial-iqtisadi proseslərə də töfhə verilmiş olar:

“Çünki təhlükəsizlik digər xarakterli addımlarla da möhkəmləndirilməlidir. Bu gün prezidentin sərəncamında qeyd olunduğu kimi o ərazilər xüsusi statusa çıxarılmalıdır. Mənim anlamımda bu, o deməkdir ki, Ağdamın və Füzulinin Azərbaycanda olan hissələrində çalışan müəllim və ya həkim Nəsimi rayonunda, yaxud da digər ərazilərimizdə çalışan həmkarlarından daha çox maaş almalıdır, ki, bu vasitə ilə o ərazilərdə məskunlaşma güclənsin, əhalisi orada yaşamağa davam etsin və ordu arxasında xalqı hiss etsin.
Sərəncamın birinci mühüm müddəası qeyd etdiyimiz cəbhəyanı zona məfhumu hüquqi anlayış kimi müəyyənləşməsindən ibarətdir”.

Millət vəkili bildirib ki, sərəncamda qeyd olunan ikinci məsələ könüllü patrul xidmətlərinin yaradılması ilə bağlıdır ki, bu da cəbhə xəttində gərginliyin olduğu vaxtlarda cəmiyyətlə ordu arasında körpü rolunu oynaya bilər:

“Ağdam cəbhəsində avqust ayında erməni təxribatından sonra məlum oldu ki, ordumuz nə qədər düşmən hücumuna hazırdısa, mülki cəmiyyət, o cümlədən mediada bu sahədə bir sıra problemlər var. Belə olan təqdirdə cənab prezidentin həmin sərəncamında könüllülük əsasında patrul xidmətlərinin təşkili ilə bağlı müddəa yer alıb. Bu, o deməkdir ki, Qarabağ döyüşçülərindən, tərübəli insanlardan, müharibə şəraitini bilənlərdən , o cümlədən hüquq-mühafizə orqanlarında işləmiş və artıq istefada olan şəxslərdən ibarət belə qruplar formalaşmalıdır. Onlarının fəaliyyəti koordinasiya edilməlidir.

İstənilən toqquşma olanda dərhal şayiələr işə düşür. Əgər əhali bu prosesdə bilmədən məlumatsız qaydada hərəkət edirsə, bu, düşmənin xeyrinə işləyir. Düşünürəm ki, həmin patrul xidmətinin formalaşması ordu ilə cəmiyyət arasında bir körpü rolunu oynayacaq”.

Z.Oruc vurğulayıb ki, üçüncü məsələ hərbi vəziyyət haqqında qanunun müasir tələblərə uyğunlaşmasıdır: “Bu, parlamentin üzərinə düşən məsələdir. Biz etiraf etməliyik ki, bu gün ölkəmiz öz normal ictiami həyatını davam edəcək, amma lokal hərbi vəziyyət elan etmək zərurəti də meydana çıxa bilər. Tutaq ki, Ağdamda bu addım atılacaqsa, dövlət qurumlarının, ictimai təşkilatların, medianın, hətta siyasi partiyaların fəaliyyəti o ərazidə necə olmalıdır? Konkret lokal bölgədə hərbi vəziyyət elan etmək hansı sanskiyaların və məhdudiyyət rejiminin seçilməsidir? Bütün bu məsələlər hüquqi cəhətdən parlamentin üzərinə düşən məsələlərdir”.

Millət vəkilinin sözlərinə görə, digər bir məsələ dövlət sirrlərinin qorunması və informasiya təhlükəsizliyi, media orqanlarının üzərinə düşən işlər və xüsusilə sosial şəbəkələrlə bağlı atıla biləcək addımlardır: “Bu yöndə Mətbuat Şurası, dövlət strukturlarının mətbuat xidmətləri, ümumən media qurumları arasında nə qədər anlaşmalar, hərbi təhlükəsizlik məsələlərinə həssaslıq, bu cür məlumatları yaymamaq haqqında birgə razılaşmalar ola bilərsə, eyni zamanda biz burada informasiya təhlükəsizliyi haqqında qanun qəbul etməklə də bu məsələdə çərçivə müddəaları müəyyənləşdirə bilərik. Bizdə indiyə qədər “İnformasiya təhlükəsizliyi haqqında” qanun olmadığına görə boşluq mövcuddur. Sərəncamın ən çətin təmin oluna biləcək hissəsi də buradır, çünki bu məlumat sistemləri internet resurslarında qərarlaşır. Bu da nüvə silahını partladıb əlinlə tutmaq kimi bir şeydir”.

Z.Oruc onu da qeyd edib ki, anti-ordu fəaliyyətinə görə hansı cəza tədbirlərinin də görüləcəyi müəyyənləşdirilməlidir: “Kanadada əyləşib, Almaniyada qeydiyyatdan keçib, Azərbaycanda anti-dövlət, anti-ordu fəaliyyətini həyata keçirmək mümkündür. Bunu necə cəzalandırmaq, bu məsələlərdə nə cür addımlar atmaq lazımdır? Bəlkə məhdudluğun başqa forması seçilməlidir? Həm informasiya təhlükəsizliyi, həm də məsuliyyət məsələləri sərəncamın qeyd etdiyimiz hissəsini təşkil edir. Bir sözlə, dövlət, cəmiyyət, müvafiq dövlət strukturlarının və medianın birgə məkdaşlığına adi olan çox yaxşı tələbdir”.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  



Xəbər lenti