Bələdiyyələr ildə bir dəfə hesabat verəcəklər

Bələdiyyələr ildə bir dəfə hesabat verəcəklər
  26 Sentyabr 2014    Oxunub:1289
Bələdiyyələr ildə bir dəfə seçicilər qarşısında hesabat verməli olacaqlar
Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sentyabrın 26-da keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilib.

AzVision.az xəbər verir ki, sözügedən komitənin sədri Arif Rəhimzadə bildirib ki, “Bələdiyyələrin statusu haqqında” mövcud qanunda bələdiyyə üzvlərinin fəaliyyətinə xitam verilməsi qaydası olsa da, onların statusu müəyyən edilmədiyindən bu məsələ çox vaxt aparır. Qanuna edilən dəyişikliklərə görə isə, bundan sonra məhkəmələr bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edə biləcəklər.

Digər tərəfdən, ümumilikdə bundan sonra bələdiyyələrin fəaliyyətinə də vaxtından əvvəl xitam verilə bilər. Dəyişikliklərə əsasən, bələdiyyələr hər il yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə hesabat verməlidirlər: “Əgər seçicilər bələdiyyənin hesabatını qeyri-qənaətbəxş qiymətləndirsələr, həmin hesabat Milli Məclisə göndərilir. Parlament də həmin hesabatı qeyri-qənaətbəxş hesab etsə, o zaman bununla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edilir və MSK həmin bələdiyyənin buraxılması, fəaliyyətinin vaxtından əvvəl dayandırılması haqqında qərar qəbul edir”.
Komitə sədrinin fikrincə, bu dəyişikliklər bələdiyyələrin məsuliyyətini artıracaq, onlarla seçicilər arasında münasibətləri daha da normallaşdıracaq, bələdiyyələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi istiqamətində böyük stimul olacaq.

Təklif olunan dəyişiklikləri müsbət qiymətləndirən sözügedən komitənin üzvü Azər Badamov belə hesab edir ki, ildə ən azı bir dəfə bələdiyyələrin, bələdiyyə üzvlərinin öz seçiciləri qarşısında hesabat vermələri onların öz fəaliyyətlərində məsuliyyətliliyini artırmış olar və olacaq:

"Eyni zamanda, bələdiyyələrin hesabat yığıncağının keçirilməsi ilə bağlı əvvəlcədən KİV-lər-də məlumatlar verilsə, yaxşı olar. Bu zaman bələdiyyə üzvlərinin 25 faizi deyil, daha çöyük hissəsi həmin hesabat yığıncaqlarında işrirak edər ki, bunun da həmin bələdiyyələrin, bələdiyyə üzvlərinin gələcək fəaliyyətlərində daha müsbət nəticəsi, effekti olar".

Deputat Tahir Rzayev də təklif olunan dəyişiklikləri müsbət qiymətləndirərək və dəstəkləyərək qeyd edib ki, qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir:
"Ona görə də hesab edirəm ki, bələdiyyələırin fəaliyyəti daha da təkmilləşdirilməlidir".

Sonda qanun layihəsinin MM-in plenar iclasına çıxarılması tövsiyə olunub.


Teqlər:  





Xəbər lenti