Azay Quliyev avropalılara xəbərdarlıq etdi

Azay Quliyev avropalılara xəbərdarlıq etdi
  26 Sentyabr 2014    Oxunub:1497
“Ermənistanın işğal altındakı Azərbaycan ərazilərinə xarici vətəndaşların, o cümlədən parlament üzvlərinin səfərlərini təşkil etməkdə məqsədi işğal faktını legitimləşdirmək cəhdləridir”.

Millət vəkili Azay Quliyev bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tiflisdə “Gürcüstan Demokratiya Təşəbbüsləri” təşkilatı tərəfindən keçirilən “Şərq Tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərin hüquqi fəsadları” adlı konfransda çıxışı zamanı bildirib.

Konfransın işində Gürcüstan, Azərbaycan, Moldova, Latviya və Ukraynadan olan parlament, hökumət və QHT nümayəndələri, habelə Avropa Parlamentinin üzvləri, ATƏT təmsilçiləri iştirak edir.

Azay Quliyev konfransdakı məruzəsində Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatların bu münaqişə barədə qəbul etdiyi və Ermənistanın məhəl qoymadığı qətnamələr haqda məlumat verib. Şura sədri Ermənistanın son illər işğal altındakı Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının, o cümlədən parlament üzvlərinin və digər rəsmilərin səfərlərini təşkil etmək səylərini artırdığını xatırlatdı.

Millət vəkili bildirib ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa təşkil edilən bu cür səfərlər beynəlxalq hüquq normalarının və milli qanunvericliyin kobud şəkildə pozulmasıdır.

A. Quliyev Azərbaycan tərəfinin bu cür qanunsuz səfərlərin qarşısını almaq üçün gördüyü tədbirlər haqda məlumat verərək deyib ki, Xarici İşlər Nazirliyi belə şəxsləri persona-non-qrata elan edir və onların adını xüsusi siyahıya daxil edir.

“Təəssüf ki, bu siyahıda, Azərbaycan qanunlarını və beynəlxalq normaları pozanlar arasında deputatlar, o cümlədən Avropa İttifaqına üzv ölkələrin parlament üzvləri, Fransanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri kimi şəxslər yer alır. Bu, qəbuledilməzdir. Xüsusən Fransa Minsk Qrupunun həmsədri kimi, əgər bitərəf, ədalətli vasitəçi kimi görünmək istəyirsə, belə hallara yol verməməlidir” - deyə deputat çıxışında bildirdi.

Məruzəçi xatırladıb ki, Azərbaycan qanunlarına görə, ölkə sərhədlərini qanunsuz keçənlər cinayət məsuliyyəti daşıyır və Dağlıq Qarabağa qanunsuz səfər edən xaricilər bunu nəzərə almalıdır. Azay Quliyev Azərbaycan hökumətinin belə şəxslərə şans tanıdığını, onların rəsmən üzr istəyəcəyi və belə əməllərini bir daha təkrar etməyəcəklərinə öhdəlik götürəcəyi təqdirdə adlarının “qara siyahı”dan çıxarılacağını da bildirib.

A.Quliyevin sözlərinə görə, işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfərlərlə yanaşı bəzi xarici şirkətlər bu ərazilərdə iqtisadi fəaliyyətlə də məşğuldur. Bu isə beynəlxalq hüquq normalarının növbəti dəfə kobud şəkildə pozulmasıdır. Deputat bildirdi ki, Dağlıq Qarabağda istehsal edilmiş malların Avropa İttifaqı üzvü olan ölkələrdə satışa çıxarılması faktları da mövcuddur və bu cür hallar beynəlxalq hüquq normalarına ziddir.

Şura sədri belə kobud hüquq pozmaların aradan qaldırılmasının yeganə həll yolu Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurdlarına geri qaytarılmasının təmin olunmasından ibarətdir.

Məruzəsinin sonunda A.Quliyev xarici ölkələri, o cümlədən Avropa İttifaqı ölkələrini parlamentarilərinın və digər vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlərinin qarşısını almağa, bu əməlin beynəlxalq və milli qanunvericilik baxımından yaratdığı hüquqi nəticələri əvvəlcədən hesablamağa çağırıb.
Konfrans hazırda işini davam etdirir.


Teqlər:





Xəbər lenti