Müsavat Eldar Namazov və Etibar Məmmədovu saymadı

Müsavat Eldar Namazov və Etibar Məmmədovu saymadı
  26 Sentyabr 2014    Oxunub:2415
Müsavat Partiyası sabah keçirəcəyi qurultayda yeni başqanını seçəcək. Partiyanın başqan müavini Gülağa Aslanlı qurultaya müxalifət partiyaları sədrlərinin dəvət olunacağını desə də onların hamısı qurultaya çağırılmayıb.
“EL” hərəkatının sədri Eldar Namazov AzVision.az-a açıqlamasında bildirib ki, Müsavatdan qurultay üçün dəvət almayıb: “Mən dəvət almamışam, ona görə də iştirak etməyəcəyəm. Müsavata uğurlar arzulayıram”.

Namizədlərdən kimi dəstəklədiyinə gəlincə isə Eldar Namazov bunları deyib: “Mən namizədlərin dördünü də tanıyıram, onların hər biri ilə münasibətim var. Düşünürəm ki, kimin başqan olacağı partiyadaxili məsələdir. Qurultay kimi partiyaya sədr seçəcəksə, onunla da əməkdaşlıq edəcəyik”.

Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucov da bildirb ki, Müsavatdan qurultay üçün dəvət almayıblar: “Bizə hələ ki, heç bir dəvət gəlməyib. Ona görə də qurultayda iştirak etməyəcəyik”.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayı sabah Əmircan qəsəbəsindəki Mədəniyyət evində növbəti qurultayını keçirəcək. Qurultayda partiyanın yeni başqanı, Nəzarət Təftiş Komissiyası və Divan üzvləri seçiləcək. Tural Abbaslı, Arif Hacılı, Qubad İbadoğlu və Səxavət Əlisoy partiya başqanlığına namizəddirlər.

Fatimə Kərimli
AzVision.az



Teqlər:





Xəbər lenti