Deputatdan monitorinqlə bağlı çağırış

Deputatdan monitorinqlə bağlı çağırış
  26 Sentyabr 2014    Oxunub:1430
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Gürcüstan Demokratiya Təşəbbüslərinin təşkilatçılığı ilə reallaşan "Şərq Tərəfdaşlığı ölkələri ərazisində işağl olunmuş ərazilərə qanunsuz səfərlər" adlı konfransda müzakirələr davam edir.
Şuranın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, konfrans Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyaya, habelə Dnestryanı bölgəyə edilən qanunsuz səfərlərə həsr olunub. Tədbirdə çıxış edənlər münaqişələrin ictimai müzakirələrə çıxarılmadığını, onlara siyasi qiymət verilmədiyini, beynəlxalq hüququn prinsip və normalarının tətbiq edilmədiyini bildiriblər.

Müzakirələrdə səslənən fikirlərlə bağlı Şura sədri Azay Quliyev yenidən çıxış edib. O, əvvəlcə Azərbaycan tərəfinin işğal olunmuş ərazilərlə bağlı qanun qəbul etməməsi məsələsinə toxunub.

Şura sədri bildirib ki, Azərbaycan Konstitusiyasında və digər qanunlarda Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını özündə əks etdirən xüsusi müddəlar var. Bundan başqa, indiyədək Azərbaycanın ərazisinin işğal faktını təsdiq edən kifayət qədər beynəlxalq sənədlər və qətnamələr qəbul edilib: “Yəni bu baxımdan işğal haqqında xüsusi qanunun qəbuluna ciddi ehtiyac yoxdur. Sadəcə müstəqil dövlətin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini və BMT TŞ tərəfindən qəbul olunan qətnamələri əsas götürərək işğalçı ordunun zəbt etdiyi ərazilərdən çəkilməsini tələb etmək lazımdır. Bu şərt yerinə yetirilməlidir”.

A.Quliyevin toxunduğu ikinci məsələ münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun formatı və fəaliyyəti barədə olub. Şura sədri Minsk qrupunun fəaliyyətini tənqid edərək bildirib ki, BMT-nin mandatı əsasında yaradılan bu missiya konkret nəticəyə nail olmayıb: “Sadəcə Ermənistanı beynəlxalq hüququn tələblərini yerinə yetirməyə çağırmaq və onu buna məcbur etmək lazımdır”.

Millət vəkili ATƏT PA-nın sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi, İspaniya parlamentinin üzvü İqnasio Sançes Amorun çıxışına da toxunub. O, ATƏT təmsilçisini Azərbaycan-Ermənistan sərhəddini monitorinq etmək üçün ölkəmizə dəvət edib. Şura sədri bildirib ki, əslində işğalçılıq siyasəti nəticəsində Ermənistanla təkcə sərhəd deyil, həm də qoşunların təmas xətti var: “Sizi Azərbaycana dəvət edirəm. Gürcüstanda olduğu kimi, Azərbaycanda da situasiya ilə özünüz tanış olun, vəziyyətin necə olduğuna şahid olun”.

Qeyd edək ki, tədbirdə Gürcüstanın barış və bərabərlik məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Avropa İttifaqının Gürcüstandakı səfirinin müavini Boris Yaroşeviç, Gürcüstan parlamentinin deputatı Georgi Tsereteli və parlamentin Ərazi bütövlüyü komitəsinin sədri Georgi Volski çıxış ediblər. Bundan başqa, konfransda BMT, ATƏT və Avropa İttifaqının təmsilçiləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər, Azərbaycan, Gürcüstan və Moldovanın dövlət orqanlarının, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.
Tədbirdə çıxış edənlər, münaqişələrin ictimai müzakirələrə çıxarılmadığını və onlara siyasi qiymət verilmədiyini bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti