AMİ-nin tələbələrin aqibəti necə olacaq?
Bir neçə gün öncə Təhsil Nazirliyinin əmri ilə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırıldı. Bildirilib ki, Təhsil Nazirliyinin ötən il Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilib, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib.
Qeyd olunub ki, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
AzVision.az həmin təhsil müəssisəsində təhsil alan tələbələr və orada işləyən müəllimlərin sonrakı aqibəti ilə bağlı Təhsil Nazirliyinin münasibətini öyrənib.
Sorğumuza cavab olaraq nazirlikdən bildirilib ki, bununla bağlı Təhsil Nazirliyinin müvafiq əmri ilə İşçi Komissiyası yaradılıb:
“Azərbaycan Respublikası Prezidentinin 11.09.2014-cü il tarixli 284 nömrəli Fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı ləğv edilib. Bununla bağlı Təhsil Nazirliyinin müvafiq əmri ilə İşçi Komissiyası yaradılıb. Hazırda bu komissiya filialda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, müəllimləri işlə təmin edilməsi, filialın balansında olan daşınar və daşınmaz əmlakın digər ali təhsil müəssisələrinin balansına verilməsi imkanlarını araşdırır. Araşdırma başa çatdıqdan sonra nəticələr barədə informasiya vasitələrinə məlumat veriləcək”,-deyə Təhsil Nazirliyindən qeyd ediblər.
Sevinc İltifatqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


