`Prezidentin sərəncamı böyük əhəmiyyət kəsb edir`

`Prezidentin sərəncamı böyük əhəmiyyət kəsb edir`
  27 Sentyabr 2014    Oxunub:2737
«Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» imzaladığı Sərəncam siyasi və hərbi baxımdan böyük əhəmiyyət kəsb edir. Sənədin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Qarabağ məsələsində Azərbaycanın mövqeyi qətiyyətli və birmənalıdır».

AzVision.az xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Əli Hüseynli bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarının getməsinə baxmayaraq, cəbhədəki son gərginlik problemin çox ciddi olduğunu bir daha göstərdi. Onun sözlərinə görə, proseslər onu deməyə əsas verir ki, danışıqlar öz bəhrəsini verməsə, ölkəmizin ərazi bütövlüyü təmin olunmasa, Azərbaycan beynəlxalq hüquqa söykənərək hərbi yolla torpaqlarını işğaldan azad edəcək.

Dövlət başçısının sərəncamının hərbi baxımdan əhəmiyyətinə gəlincə, Ə. Hüseynli qeyd edib ki, sənəddə mühüm məsələlər nəzərdə tutulur. Onun sözlərinə görə, əhalinin cəbhə bölgəsində sayıqlığını artırmaq üçün könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması çox əhəmiyyətlidir. Çünki bu vəziyyət müharibə şəraitində olan ölkənin əhalisinin bu şəraitə daha yaxşı hazırlığını gücləndirəcək. Komitə sədri bildirib ki, 1994-cü ildə qəbul olunmuş «Hərbi vəziyyət haqqında» qanunun yeni redaksiyada işlənməsinin nəzərdə tutulması da günün tələbidir.
Cəbhə bölgəsi ilə əlaqədar kütləvi informasiya vasitələrində yayılan informasiyaların həssas məsələ olduğunu deyən Ə.Hüseynlinin sözlərinə görə, bununla əlaqədar ölkə Prezidentinin sərəncamında mühüm məqamlar əksini tapır. «KİV-lərin, ümumilikdə vətəndaşların «Dövlət sirri haqqında» qanunun tələblərinə riayət etməsi ilə bağlı sərəncamdakı müddəa böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu sərəncamda, eləcə də verilən tövsiyələrdə irəli sürülən məsələlərin yerinə yetirilməsi təkcə dövlət orqanları üçün deyil, bütün əhali üçün vacibdir. Biz millət vəkillərinin üzərinə düşən vəzifə isə bu sərəncamdan irəli gələn məsələlərdə, xüsusilə təbliğat işlərində öndə olmaqdır»- deyə, komitə sədri vurğulayıb.


Teqlər:





Xəbər lenti