Azərbaycandan İsveç və İslandiya alimlərinə etiraz

  27 Sentyabr 2014    Oxunub : 1019
Azərbaycandan İsveç və İslandiya alimlərinə etiraz
“Nature Geoscience” jurnalı İsveç və İslandiya alimlərinin ilk dəfə yeraltı suların kimyəvi analizi vasitəsilə zəlzələni öncədən proqnozlaşdırmağa imkan verəcək metod işləyib hazırladıqları barədə məlumat yayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmogeokimya bölməsinin rəisi, Rusiya Elmlər Akademiyası və AMEA-nın geologiya-minerologiya elmləri doktoru Ramidə Kərəmova APA-ya açıqlamasında İsveç və İslandiya alimlərinin iddialarının həqiqəti əks etdirmədiyini bildirib.

R. Kərəmova deyib ki, bununla bağlı İsveç və İslandiyadan olan həmkarlarına məktub yazıb. Məktubda qeyd edilib ki, 1966-cı il fevralın 21-də SSRİ-də “Zəlzələdən öncə yeraltı suların tərkibinin dəyişməsi halı” mövzusunda kəşf qeydə alınıb. Kəşfin müəllifləri özbək alimləri Q. A. Mavlyanov, V. İ. Ulomov, A. N. Sultanxocayev, L. A. Həsənova, L. V. Qorbuşina, V. Q. Tıminskiy, A. İ. Spiridonov, B. Z. Mavaşyev və N. İ. Xitarov olublar. Bu kəşf 1966-cı ildə baş verən Daşkənd zəlzələsindən sonra quyulardakı yeraltı suların geokimyəvi monitorinqi zamanı təsdiqini tapıb. Ona görə də 1966-cı il dünyada yeni elmi bölmə – seysmogeokimya üzrə sistemli tədqiqatların başlanğıcı sayılır. Azərbaycanda isə seysmoproqnoz tədqiqatları ilk dəfə 1979-cu ildə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində başlayıb, tədqiqatlar fasiləsiz olaraq 35 il ərzində aparılmaqdadır. Bu sahədə bir istiqamət olan seysmoflüidogeodinamik tədqiqatlara da 1979-cu ildə R. Kərimovanın rəhbərliyi altında başlanıb və indiyə qədər davam edir. Bu istiqamətdə tədqiqatlar seysmogeokimyəvi və seysmohidrogeodinamik metodlarla aparılır.

R. Kərimova məktubunda qeyd edib ki, Azərbaycanda eksperimental-illik stasionar və səyyar seysmoflüidogeodinamik monitorinq, nəzəri-qısamüddətli və operativ seysmoloji proqnozlaşdırma, məlumatların gündəlik emalı üçün riyazi və proqram təminatının yaradılması sahəsində işlər görülür. Seysmoflüidogeodinamik monitorinq Azərbaycanın seysmik cəhətdən aktiv zonalarında qurulmuş 6 stasionar seysmogeokimyəvi stansiya vasitəsilə aparılır. Bu stansiyalar Şamaxı, Şəki, Siyəzən, Xaçmaz, Abşeron yarımadası və Lənkəran rayonunda quraşdırılıb. Müşahidələr həm də dəniz və yeraltı sularda, quruda müəyyən lokal sahələrdə aparılır. Seysmoflüidogeodinamik tədqiqatların məqsədi qısamüddətli anomaliyalar üzrə regionda - Xəzər hövzəsi, Azərbaycan və qonşu ölkələrin həmsərhəd ərazilərində seysmik durumu operativ qiymətləndirmək, real zaman masştabında zəlzələ zonasında təhlükəli ocaqları operativ aşkar etməkdir.

R. Kərimova bəyan edib ki, 35 il ərzində aparılan tədqiqatlar nəticəsində unikal faktlar toplanıb. Hazırda AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində 35 illik dövr ərzində flüid monitorinq və seysmik hadisələrlə bağlı geniş məlumat bazası yaranıb və bunun dünyada analoqu yoxdur. 2011-ci ildə Xəzər-Bakı zəlzələsindən sonra isə seysmik durumun operativ qiymətləndirilməsi üçün texnologiyanın işlənməsi, sınaqdan keçirilməsi və tətbiq edilməsi istiqamətində ilk addım atılıb. Nəticədə 1998-2012-ci illərdə “Seysmogeokimyəvi flüid sahəsi üzrə operativ zəlzələ proqnozu texnologiyası” hazırlanıb. Bura avtomatlaşdırılmış 16 proqram paketi daxildir. Söhbət gündəlik məlumatların emalı və interpretasiyası, Azərbaycan və həmsərhəd ölkələrdə seysmik durumun operativ qiymətləndirilməsindən gedir. Bu texnologiya zəlzələnin proqnozlaşdırılması, yəni zəlzələ baş verməzdən öncə 1-16 gün intervalında zəlzələnin maqnitudası və yerini (koordinatları) müəyyənləşdirmək üçündür.

R. Kərimova onu da nəzərə çatdırıb ki, seysmoflüidogeodinamik tədqiqatlar üzrə alınan nəticələrlə bağlı 1981-2014-cü illər ərzində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən 100-dən çox elmi iş dərc edilib. Eyni zamanda tədqiqatların nəticələri barədə hazırlanan materiallar xarici ölkələrdə keçirilən simpozium və konfranslarda təqdim olunub. Sonuncu elmi işlər isə 2013-2014-cü illərdə “Simpoziumların məqalələrinin yığması” nəşrində dərc edilib.

Teqlər: