Saytların fəaliyyəti məhdudlaşdırıla bilər

Saytların fəaliyyəti məhdudlaşdırıla bilər
  28 Sentyabr 2014    Oxunub:2036
“Ola bilər ki, müharibə gedən şəraitdə dövlət internet resurslarının fəaliyyətini məhdudlaşdıra bilər”.

AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc bildirib. Prezident İlham Əliyevin bir neçə gün öncə cəbhə xəttində təhlükəsizliklə bağlı imzaladığı sərəncama toxunan deputat bu istiqamətdə internet medianın mühüm əhəmiyyətə malik olduğunu deyib:

“Dövlət başçısının sərəncamında bu məsələyə də xüsusi yer verilir. Bildiyiniz kimi çap və elektron medianın üzərinə düşən vəzifələrlə bağlı Mətbuat Şurasına və müvafiq dövlət strukturlarına tövsiyələr verilib. Düşünürəm ki, ən mürəkkəb məsələ bu istiqamətdədir. Çünki bu gün internet resurslarında fəaliyyət aparmaq, informasiya məkanında yer tutmaq asan olsa da, bu məkanda dövlətin maraqlarına zidd fəaliyyət göstərənləri məsuliyyətə cəlb etmək bir qədər çətindir. Bu sahədə elə bir zəncirvari reaksiya baş verir ki, xüsusi xidmət orqanları vasitəsilə onu aşkarlamaq, həmin təxribatçı insanları məsuliyyətə cəlb etmək o qədər də asan məsələ deyil. Çünki Kanadada yerləşib, Almaniyada qeydiyyatdan keçib anti-azərbaycançı fəaliyyəti göstərmək mümkündür. Bunu aşkarlayıb məsuliyyətə cəlb etmək üçün olduqca mürəkkəbdir. Həqiqət budur ki, sosial şəbəkələrdə bu prosesi tənzimləmək çətindir. Ümumiyyətlə, yalnış məlumatların çap və elektron mediada, eləcə də sosial şəbəkələrdə yayılmasının qarşısını almaq üçün təbliğat işləri də güclü amildir. Ona görə də, sərəncamda bu məsələnin aktuallığı vurğulanır.

Bilirsiniz, media təmsilçiləri bir araya gəlib müxtəlif sazişlər imzalaya bilərlər. Ancaq bunu bütövlükdə internet resurslarında necə təmin etmək olar? Ola bilər ki, müharibə gedən şəraitdə dövlət internet resurslarının fəaliyyətini məhdudlaşdıra bilər. Amma indiki halda bilərəkdən, ya da bilməyərəkdən cəbhəyanı zona ilə bağlı yanlış məlumatların yayılmasının qarşısını almaq üçün ən doğru yol təbliğat işləridir. Eyni zamanda, cəbhə xəbərlərini Müdafiə Nazirliyi ilə razılaşdırmaq da vacibdir. Təbii ki, bununla yanaşı müəyyən məsuliyyət tədbirləri də nəzərdə tutulmalıdır”.

AzVision.az


Teqlər:



Xəbər lenti