`Onlar İsa Qəmbərin qurbanı oldular` - Millət vəkili

`Onlar İsa Qəmbərin qurbanı oldular` - Millət vəkili
  28 Sentyabr 2014    Oxunub:1821
`Müxalifətdən hakimiyyətə deyil, təqaüdə yola salınan bu adamlar İsa Qəmbərin növbəti layihəsinin qurbanı oldular`
Millət vəkili Zahid Oruc Müsavat Partiyasının qurultayı və yeni seçilən başqan Arif Hacılı haqda fikirlərini bölüşüb.

AzVision.az xəbər verir ki, deputat bu barədə Facebook hesabında qeyd edib:

-Cəmi bir illik hakimiyyədə qalmaq, 21 illik müxalifət ömrü yaşamaq sübut etdi ki, Müsavat yeniləşməyə, islahatlara, dünyəvi aparıcı tendensiyaları çevik bir şəkildə nəzərə almağa qadir olmayan təşkilatdır. Müxalifətdən hakimiyyətə deyil, təqaüdə yola salınan bu adamlar İsa Qəmbərin növbəti layihəsinin qurbanı oldular. O salona toplaşanların hamısı bir adamın iradəsindən asılı qaldı.

Gerçəklikdən qopmuş qurultay belə təsəvvür yaradırdı ki, adamlar təzədən 1992-ci ilə qayıdıblar.

İqtidardan fərqini qabardan bir siyasi qurumun rəhbəri 22 iilk əvəzsizliyini, keçmişdə qazandığı alternativsiz birinciliyini başqa necə əsaslandırsın ki? 1993-cü ildə doğulan körpələr indi ata olublar, bunlar isə bir partiyanın kürəyi üzərində qurduqları gələcək şahmat rokirovkalarını mühüm nailiyyət və qeyri-adi demokratik islahatlar kimi təqdim edirlər. Məgər Arif Hacılı bu illər ərzində hətta ən buludlu havada belə kölgə,yaxud iki ayrı cisimdə gəzən klonlaşmış ruh olmayıb ki?”

Z.Oruc qeyd edib ki, 538 nəfər qarşısında nümayiş edilən tamaşanın təntənəli təqdimatı, canlı yayımla translyasiyası və aşkarlıq şəraitində düzənlənən səssayımı da pərdənin arxasındakı Vahid Əli gizlədə bilmir:

“Başqaları lider adı ilə pərdələnib siyasi mülkiyyətə çevirdikləri qurumu kənardan idarə edirdilərsə, bu dəfə daha eybəcər və hibrid bir yerdəyişmənin şahidi olduq. Sən demə Müsavat partiyasının təzə başqanı köhnə İsa Qəmbərin prezidenliyi uğrunda mübarizəyə bu təşkilatı səfərbər etmək üçün seçilibmiş. Ötən əsrin əvvələrində əski Müsavat irsini yaratmış adamların indi qəbirdə çevrildiklərinə heç kəsin şübhəsi olmasın. Yəqin, əvvəlki 6 başqan ondan ötrü vuruşublar ki,Cümhuriyyətimizin sabahına iddia edən şəxs 7-ci müqəddəs yeri özünün ruh ekizinə təqdim eləyə bilsin.

Miqyasca nə qədər fərqli olsa da Putinin Medvedyevi öz yerinə prezident təyin etməsinə qarşı çıxanların zehniyyəti indi özlərinə qarşı çevrilir.

Sorbonnalı yetirmələrin,orta reytinqli Avropa universitetlərini bitirmiş nəslin,yaradıcı enerjiyə və intellektual dünyagörüşə əsaslanan bir sinfin üz tutmadığı təşkilat gəncliyə cəmi 19 səs verməliydi”.

Z.Oruc başqanlığa Qubad İbadoğlunun layiq olduğuna işarə edib: “O havada-siyasi romantizmlə əyalətçiliyin hökm sürdüyü məkanlarda başqa qalib ola bilməzdi. İqtisadi-liberal dairələrin içərisində yer almaq, Qərb institutları ilə yaxşı maddi münasibətlər qurmaq başqanlığa deyil,yalnız namizədliyə yarayır. Yəqin, Qubad İbadoğlu İsa Qəmbərin gələcək namizədliyinə deyil, öz gerçək siyasi planlarına aludə olacaqdı.

Qurultay bitdi, lakin əvvəlki məhrumiyyətlər-ənənəvi mübarizə üslubu,təkbaşına idarəçilik, “geriyə gedən yolla, irəli” şüarı altında fəaliyyət davam edir. Hakimiyyətin ssenarisini qalib gəlmiş saya bilərsiniz. Yeni rəhbərin-köhnə hərəkatçının tərcümeyi-halına nə qədər dəbdəbəli sətirlər yazılsa da o,üzərində daşıdığı bütün ittihamları “yeni başqan”ın əyləşəcəyi kreslyoa köçürmüş olur.O da həmin gerçək stulu ona versələr!

Lenin sizin qurultaya məktub yazsa, bilirsizmi nə deyərdi? Proletar inqilabının banisi sizə üzünü tutaraq söyləyərdi ki, bəli tarix təkrar olunur, bu doğrudur.Lakin əvvəlcə faciə, sonra isə komediya şəklində”.


Teqlər:





Xəbər lenti