Qubad İbadoğludan Müsavata ittihamlar
O bildirib ki, hazırda Müsavatda dəyişikliklərə ehtiyac var. Onun sözlərinə görə, partiyanın qurultay ərəfəsində bəzi ədalətsizliklərə yol verilib: “Biz növbəti dönəmdə partiyanın yeni seçilmiş rəhbərliyinə baxacağıq ki, görək, onlar Müsavatı hara aparır? Buna uyğun qərarımızı verəcəyik. Müsavat qurultay nümayəndələri arasında Gənclər Təşkilatının cəmi iki üzvü vardı. Çünki əvvəldən prosesin necə olacağı bilinirdi. Divan üzvləri Hökumə İbrahimli, Məryəm Oruclu və Vurğun Əyyub kimi şəxslərin adı qurultay nümayəndələrinin siyahısına daxil edilməyib. Çünki onların mövqeyi məlum idi”.
Bundan sonra zalda səs-küy yaranıb. Arif Hacılının tərəfdarları Qubad İbadoğlunun çıxışına etiraz ediblər. Müsavatın sabiq başqanı İsa Qəmbər isə qurultay nümayəndələrini sakitləşdirməyə çalışıb.
Q. İbadoğlu isə yeni başqan Arif Hacılını nəzərdə tutaraq: “Öz komandanız var və mən sizə uğurlar arzu edirəm” – deyə çıxışını yekunlaşdırıb.
Müsavatın sabiq başqanı İsa Qəmbər isə Q. İbadoğlunun bəzi ittihamlarına cavab verib: “Əgər şəffaf və demokratik seçki keçirilirsə, burada narazılığın olması təbiidir. Əslində, bilmədiyiniz məqamlar çoxdur. Hər bir məqamın ayrıca izahatı var. Vurğun Əyyub qurultay nümayəndəliyi seçilən ərəfədə Azərbaycanda olmayıb. Vurğun Əyyub Türkiyəyə getməzdən əvvəl də mənimlə görüşüb, Divan üzvlüyündən istefa verməyə məcbur olduğunu dedi. Ancaq mən bunun qarşısını aldım və bildirdim ki, Azərbaycana qayıdandan sonra istənilən vaxt fəal siyasətlə məşğul ola bilər. Buna görə istefa verməsinə zərurət yoxdur. O da mənim fikrimlə razılaşdı”.
İ. Qəmbər qeyd edib ki, əvvəlcədən kimi başqan görmək istədiyini açıqlamayıb: “Əgər mövqeyimi əvvəlcədən açıqlasaydım, səs fərqi bu qədər az olmazdı”.
Müsavatın yeni başqanı A. Hacılı isə deyilənlərə cavab vermək istəmədiyini, hər kəslə işləməyə hazır olduğunu deyib: “Mən bütün hallarda kiməsə get yox, gəl demişəm”.
Xatırladaq ki, dünən Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə qalib olaraq, partiyanın başqanı seçilib. Q. İbadoğlu 200 səslə ikinci olub.(APA)