Azərbaycanda zəlzələ təhlükəsi

Azərbaycanda zəlzələ təhlükəsi
  29 Sentyabr 2014    Oxunub:7500
Bu gün Azərbaycanın bir sıra rayonlarında baş verən zəlzələ insanlar arasında təşviş yaradıb. Daha çox Qəbələ və ətraf rayonlarda hiss olunan zəlzələnin təkrarlanacağı bildirilir. Bu isə sakinləri ciddi narahatlığına səbəb olub.

Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli AzVision.az-a açıqlamasında narahatçılığa əsas olmadığını deyib. Qeyd edib ki, baş verən son zəlzələlər dağıdıcı gücə malik deyil.

“Əslində binalarda çox fəsadlar qeydə alınmamalıdır. Bu zəlzələ o qədər də dağıdıcı gücə malik deyil. Bu səhər baş verən zəlzələ Qəbələdən 22 kilometr aralıda Xınalıq istiqamətində dağlarda baş verib. Zəlzələnin episentri ora düşüb. Bunun nəticəsində 5-6 binada az dərəcədə çatlar var. Bunlarda əsasən köhnə tikililərdə qeydə alınıb. Bu zəlzələ respublikanın bir çox rayonlarında hiss olunub. Hətta Qazax rayonunda belə zəlzələ hiss olunub”.

Hazırda ölkəmizdə seysmik vəziyyətin hansı səviyyədə olmasına gəlincə, Q.Yetirmişli bildirib ki, ötən ilə nisbətən bu il aktivlik bir qədər artıb:

“Azərbaycan seysmoloji bölgədə yerləşir. Bu cür zəlzələlərin olması normaldı. Məlum olduğu kimi 2012-ci ildə isə aktivlik daha yüksək olub və baş verən zəlzələlər nəticəsində Zaqatala, Balakən zonasında evlərdə uçqun baş vermişdi. Hazırda seysmoloji vəziyyət normal qiymətləndirilir”-deyə Respublika Seysmoloji Mərkəzinin direktoru vurğulayıb.

Qeyd edək ki, sentyabrın 29-da Qəbələ və ətraf rayonlarda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatına görə, zəlzələ yerli vaxtla saat 06:38-də Qəbələ şəhərindən 22 km şimali-şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 5,4 bal, dərinliyi 10 km olub. Bundan əlavə bir neçə saat əvvəl Qəbələdə təkrar zəlzələ qeydə alınıb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti