Gəncədə Şərab festivalı keçiriləcək

Gəncədə Şərab festivalı keçiriləcək
  29 Sentyabr 2014    Oxunub:3451
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" çərçivəsində 2012-ci ilin oktyabrında ilk dəfə olaraq, Azərbaycan Beynəlxalq Şərab Festivalı məhz Gəncə şəhərində keçirilməklə, əlamətdar hadisə kimi tarixə qovuşub.
2013-cü ilin iyun ayında Azərbaycan Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının üzvü seçilib. Artıq bir ənənəyə çevrilmiş bu Festival 2014-cü ilin 30 sentyabr və 1 oktyabr tarixlərdə keçiriləcək.

"III Gəncə Beynəlxalq Şərab Festival"ı Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilir.

Məqsəd şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdən ibarətdir.

Festivalda Azərbaycanın, həmçinin Fransanın, Almaniyanın, İtaliyanın, Rusiyanın, Moldovanın, Gürcüstanın və digər xarici ölkələrin şərab istehsalçıları, distribyuterləri və istehlakçıları iştirak edəcəklər.

Festivalda Fransa fəxri qonaq qismində iştirak edəcək və Fransanın
Burqundiya regionunun Yon vilayəti və Fransanın məşhur butiklərini özündə birləşdirən "Galeries Lafayettes Paris" şirkətinin stendləri nümayiş etdiriləcək. Festival çərçivəsində Azərbaycan Texnologiya Universiteti və Yuxarı Alzas Müluz Universiteti arasında şərab texnologiyaları sahəsində, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Yuxarı Alzas Müluz Universiteti arasında üzümçülük və şərabçılıq sahələrində əməkldaşlıq sazişləri imzalanacaq. Festival zamanı qonaqlar Gəncənin tarixi və mədəni irsi, müasir həyatı ilə tanış olacaqlar.

Azərbaycanın milli musiqi və milli mətbəx nümunələrinin nümayişi ilə yanaşı, yerli şərabların beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti