`QHT-lərə gələn maliyyə siyasi partiyalara gedir`

`QHT-lərə gələn maliyyə siyasi partiyalara gedir`
  30 Sentyabr 2014    Oxunub:1512
“Son bir aya nəzər salsaq görərik ki, Avropada Azərbayacana qarşı müxtəlif təzyiq metodları, bəyanatlar, müraciətlər qəbul edilir. Hətta dünən “Human Rights Watch” adlı qeyri- hökumət təşkilatı növbəti qərəzli hesabatını yayıb. Axı, bu kimi təşkilatlara kim mandat verib ki, ölkələrdəki vəziyyətlə bağlı hesabat yaysın”.
AzVision.az-ın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bir ölkənin ərazisində olan qeyri-hökumət təşkilatı ayrı-ayrı dövlətlər haqqında hesabat yayaraq şərtlər qoyur, bu qəbuledilməzdir:

“Eyni zamanda düzgün olmayan informasiya əsasında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən hesabatlar dərc edirlər. Bu baxımdan da mövqeyimizi sərt şəkildə sərgiləməliyik. Bütün görüşlərdə də məhz bu kimi işlərin şahidi oluruq”.

Deputat qeyd edib ki, Avropa Şurası PA-nın sədrinə sual ünvanlayıb: “Ona sual verdim ki, Rusiyanın səsvermə hüququnu dayandırmısınız, ancaq Ermənistana qarşı bu sanksiya tətbiq olunmur. Mənə cavabı belə oldu: “Ermənistan Azərbaycanın ərazilərini işğal etdikdə 1992-ci il idi. Azərbaycan isə Avropa Şurasının üzvlüyünə 2001-ci ildə daxil olub”.

Bu məntiqlə hara qədər gedə bilərik? Ona görə də bu gün səsləndirəcəyimiz bəyanat həddindən artıq sərt olmalıdır. Harada görünüb ki, hər hansı bir QHT haqqında böyük təşkilatlar bəyanat yaysınlar. Biz heç kimi girov götürməmişik ki, onlar qeyri-şərtsiz azad olunsun. Girovu qeyri-şərtsiz azad edərlər. Hesab edirəm ki, “QHT-lər haqqında” qanuna bir daha baxmaq lazımdır.

Xaricdən alınan qrantların böyük əksəriyyəti dolayısı yolla siyasi partiya və ya bəzi mətbuat orqanlarına göndərilir. Harda görülüb ki, QHT rəhbəri başqa bir partiyanın sədr müavini olsun. Aldığı qrantların böyük hissəsi də məqsədli şəkildə həmin siyasi partiyaların kütləvi aksiyalarına və ayrı-ayrı işlərinə yönəldilən vəsaitlərdir. Hesab edirəm ki, gələcəkdə bu kimi işlərin qarşısını qanunvericiliklə almalıyıq”,- deyə S. Novruzov məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti