Deputatlarımız erməniləri susdurdular

Deputatlarımız erməniləri susdurdular
  04 Oktyabr 2014    Oxunub:1814
Milli Məclisin sədr müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız qurumun Cenevrədə keçirilən payız sessiyasında iştirak edirlər.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, parlamentin deputatı, ATƏT PA-da siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev daxildirlər.

Oktyabrın 3-də payız sessiyası Aralıq dənizi forumu ilə öz işinə başlayıb. ATƏT PA-nın sədri İlkka Kanerva, İsveçrə nümayəndə heyətinin rəhbəri Andreas Aebi və digərlərindən sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova ümumi debatlarda çıxış edərək deyib:

“Aralıq dənizi hövzəsi sivilizasiyanın beşiyidir, dünya mədəniyyətinin incilərinin yaradıldığı bu bölgə bəşəriyyətə çox dəyərlər bəxş edib. Lakin təəssüf ki, bu ərazi nifaq, münaqişə, müharibə və fikir ayrılıqları məkanına çevrilib. Yaxın Şərqdə baş verən proseslər bizim hamımızı narahat edir. Biz ATƏT-in Parlament Assambleyasında bu problemə dəfələrlə müraciət etmişik. Yaxın Şərqdə proseslərin başlanmasından neçə illər keçib, lakin heç nə dəyişməyib. Şəhərlər viran edilir, insanlar ölür, qaçqınların sayı artır, insan hüquqları, yaşamaq hüququ pozulur. BMT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar terror aktları problemini, Qərb ölkələrində nicat axtaran miqrantlar problemini dəfələrlə müzakirə ediblər. Bu problem bizə - azərbaycanlılara yaxşı tanışdır. 20 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, şəhərlər dağıdılıb, tarixi abidələr məhv edilib. Dəfələrlə müzakirə edilməsinə baxmayaraq, bu münaqişə hələ də həll edilməyib, bu səbəbdən qaçqınlar öz doğma yurdlarına qayıda bilmirlər. Yəni doğrudanmı Yaxın Şərqdən olan qaçqınlar 20 il, 30 il, 40 il gözləməli olacaqlar? Onlar öz torpaqlarına qayıdacaqlarmı, öz ərazilərini bərpa edə biləcəklərmi?”

R.Aslanova aşağıdakı məsələlərin müzakirə olunmasını təklif edib: “terrorçuları silahlandıran, muzdlu qatilləri və terrorçuları maliyyələşdirən kimdir, bu proseslərin davam etməsində hansı qüvvələrin marağı var?” O bildirib ki, bu proseslərin davam etməsi təkcə regionda deyil, bütün dünyada çox ağır nəticələrə gətirib çıxaracaq. Məşhur “ləngimək ölümə bərabərdir” kəlamı, deyəsən özünü doğruldur. Miqrasiya axınlarına görə narahatlıq keçirən ölkələr bu problemə daha konkret, daha rasional mövqedən yanaşmalıdırlar. Şərqdə sülh, Aralıq dənizi hövzəsində əmin-amanlıq bərpa edilməlidir, çünki bu, bütün dünyanın maraqlarına uyğundur.

Ermənistan nümayəndə heyətinin başçısı Artaşes Geqamyan sessiyada ölkəsinin təcavüzkar hərəkətlərinə haqq qazandırmaq üçün antiazərbaycan ruhlu çıxış edib.

Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova Geqamyanın qeyri-obyektiv ittihamlarına cavab olaraq deyib:

- Mənim ölkəm Yaxın Şərqdə döyüş əməliyyatlarına və terror aktlarına son qoyulmasına və bu hərəkətlərdə iştirak edən şəxslərin cəzalandırılmasına tərəfdar olan bütün ölkələrin mövqeyini dəstəkləyir. Azərbaycan hesab edir ki, dünyanın müxtəlif hissələrində təzahür edən hər növ ekstremizmin kökünü kəsmək lazımdır.

Geqamyanın Bakıda özünü “İraq və Şam islam dövləti” adlandıran terrorçu qruplaşmanın döyüşçülərinin mühakimə olunmasına etiraz etməsi faktı əslində Azərbaycanda məhkəmə sisteminin düzgün işləməsini göstərir, hüquqi dövlətdə belə də olmalıdır. Geqamyanın əvəzinə mən olsaydım, Ermənistan parlamentində onun həmkarlarını güllələyənləri və hakimiyyəti ələ keçirmək xatirinə onları idarə edənləri qınayardım.

Azərbaycan dünyəvi müsəlman dövlətidir, ekstremizmə və terrorizmə qarşı əməli işdə mübarizə aparan ölkədir.

Elə hesab edilməməlidir ki, dünyanın digər hissələri üçün təhlükəli olanlar təkcə döyüş əməliyyatlarında iştirak edən şəxslərdir. Biz problemin digər aspektlərinə də diqqət yetirməliyik. Hesab edirik ki, Yaxın Şərqin bu ölkələrindən ATƏT-in üzvü olan ölkələrin ərazilərinə köçürülmüş şəxslər hərtərəfli öyrənilməlidir, çünki amansız döyüşlər gedən əsas ölkə Suriyadır və ola bilsin ki, köçürülmüş insanlar özləri bu terror aktlarında iştirak ediblər.

Onların ATƏT üzvü olan ölkələrə qarşı terror aksiyalarında iştirak etməsi də potensial baxımdan mümkündür. Bu problem bizi çox narahat edir. Bildiyiniz kimi, Ermənistan Suriyadan olan etnik ermənilərin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi və orada yerləşdirilməsi üçün əlindən gələni edir. Bu faktlar ATƏT-in sənədlərində də öz əksini tapıb. Ermənilərin əsas terror təşkilatları Suriya və Livan ərazilərində yerləşdiyi üçün ola bilsin ki, köçürülən şəxslər ASALA kimi təşkilatların üzvləridirlər, bu insanlar ölkəmiz üçün və bütövlükdə region üçün çox təhlükəli ola bilərlər.

Düşünürəm ki, biz suriyalı ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsinin və qanunsuz olaraq həmin ərazilərdə məskunlaşdırılmasının qarşısını almaq üçün tədbirlər görməliyik. Bu, beynəlxalq humanitar hüququn normalarına ziddir və azərbaycanlı köçkünlərin öz doğma yurdlarına qayıtmasına mane olur. Xüsusən ona görə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal edilmiş ərazilərdə demoqrafik strukturun dəyişdirilməsinə son qoymağa çağırmış və dəfələrlə vurğulamışlar ki, bu, sülh prosesini xeyli mürəkkəbləşdirə bilər.

Bir daha təkrar edirəm, Suriyada vəziyyətin nizamlanması, habelə bunun humanitar nəticələri dünyanın müxtəlif hissələrində, o cümlədən Azərbaycanda vəziyyəti əsla mürəkkəbləşdirməməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti