Bakıda bayram yarmarkası - qiymətlər necədir?

Bakıda bayram yarmarkası - qiymətlər necədir?
  04 Oktyabr 2014    Oxunub:1964
Oktyabrın 4-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Müqəddəs Qurban bayramı günlərinə təsadüf edən budəfəki yarmarkalarda paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilib. Burada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilən 14,85 ton məhsul, o cümlədən 0,4 ton ət, 0,1 ton ağartı, 3,5 ton tərəvəz, 2 ton bostan məhsulları, 4 ton meyvə və s. təklif olunurdu.

Bayram yarmarkasına axın-axın gələn və bu ünvanı əlidolu tərk edən paytaxt sakinləri məhsulların bolluğuna, çeşidlərin müxtəlifliyinə, qiymətlərin münasibliyinə və alış-veriş üçün yaradılan əlverişli şəraitə görə razılıqlarını bildirirdilər. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Yarmarkada kələm 70-90, badımcan 30-40, yerkökü 70-90 qəpiyə, lobya 2 manata, alma 50-80 qəpiyə, armud 70 qəpik - 1 manata, üzüm 80 qəpik -1 manat 20 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, yumurtanın biri 7-8 qəpiyə və s. satılırdı.

Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Sabirabad, Quba, Göyçay, Gədəbəy, Kürdəmir, Bərdə, Xaçmaz rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 145,6 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər kənd nemətləri çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vidadi Bayramov məlumat verdi ki, bayram günlərinə təsadüf edən yarmarkada bütün növ kənd təsərrüfatı məhsulları vardır. Satışa çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri üstünlük təşkil edir. Burada bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır. Məsələn, kartof 40-65, soğan 25-30 qəpiyə, pomidor 70 qəpik- 1 manata, xiyar 50-70, alma 50-80 qəpiyə, armud 70 qəpik-1 manata, üzüm 80 qəpik-1 manat 20 qəpiyə təklif olunur.

Yarmarkaya daxil olan məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nəzarət tərəzisi qoyulub, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.

Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 18,3 ton kənd təsərrüfatı məhsulları çıxarılıb.
Yarmarkada təklif edilən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, alma, armud, şaftalı, nar, üzüm, heyva, şaftalı və digər məhsullar qəsəbə sakinləri tərəfindən həvəslə alınırdı.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkalarda qəsəbə sakinlərinin tələbatı nəzərə alınaraq məhsulların çeşidinə ciddi dəyişikliklər edilib. Burada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılıb, xüsusilə ət və süd məhsulları baytar
müayinəsindən keçirilib.

Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda -“Günəş” ticarət mərkəzində (25,8 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,8 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından, ümumilikdə 28,6 ton məhsul çıxarılmışdı.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada mövsümi kənd nemətlərindən pomidor, xiyar, göyərti, kartof, soğan, lobya, badımcan, kələm, alma, armud, gavalı, şaftalı, üzüm, zoğal, yemiş, qarpız, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məsələn, burada kartof 40-65, bibər 50-80 qəpiyə, pomidor 80 qəpik - 1 manata, üzüm 80 qəpik - 1 manat 20 qəpiyə təklif olunur.

Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından 16,7 ton kənd təsərrüfatı məhsulları gətirilib.

Bayram yarmarkasında ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun bostan bitkiləri-qarpız, yemiş, balqabaq, tərəvəzlərdən pomidor, xiyar, kələm, kartof, soğan, yerkökü, çuğundur, meyvələrdən alma, armud, heyva, nar, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.

Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yarmarkada qayda-qanuna ciddi nəzarət olunurdu.

Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Siyəzən, Goranboy, Bərdə və s. rayonlarının fermerləri və digər torpaq mülkiyyətçiləri paytaxt sakinlərinə bol meyvə-tərəvəz, süd və bostan məhsulları təklif edirdilər.

Məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuz idi. Burada meyvə-tərəvəz, süd və bostan məhsulları həm də keyfiyyəti ilə diqqəti cəlb edirdi. Şəhər sakinlərinə kələmin kiloqramı 50-60, pomidor 60-90, badımcan 30-35, kartof 40-70, üzüm 50-90, alma 30-50, yemiş 40-60 qəpiyə təklif olunurdu.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, yarmarkaya 22,4 ton meyvə-tərəvəz, bostan və süd məhsulları çıxarılıb.(AzərTAc)


Teqlər:





Xəbər lenti