Avtovağzalda süni qiymət artımı, təlaş...

Avtovağzalda süni qiymət artımı, təlaş...
  04 Oktyabr 2014    Oxunub:1325
Qurban bayramı ilə əlaqədar Bakı Beynəxalq Avtovağzalda əməlli-başlı sərnişin sıxlığı yaşanır. Bayram günlərindən istifadə edənlər bir necə günlük də olsa şəhərdən çıxmağa çalışırlar.

Müşahidələrimiz zamanı da kiminin biletini alıb yol tədarükünü gördüyünü, yola hazırlaşdığını, kiminin də saatlarla avtovağzalda dayanıb avtobus gözlədiyini gördük. Bir çoxu isə bilet yoxluğundan və avtobus çatışmazlığından şikayətləndi. Sərnişinlərin şikayəti əsasən şimal bölgələrinə işləyən avtobuslardandır. Belə ki, səfər etmək istəyənlər onların sayının az olduğunu deyirlər. Digər şikayət isə avtobus sürücüləri biletin qiymətindən artıq pul tələb etməsidir.

“Belə şey olar? 3 saatdır vağzaldayam. Avara qalmışam. İki avtobusa minə bilməmişəm. Bilet satılan kassalar boşdur. Avtobus sürücüləri sərnişinlərdən artıq pul tələb edirlər. Xaçmaza biletin qiyməti 2,55 manatdırsa, sürücülər 5 manat tələb edirlər. Bilmirik hara şikayət edək?”, - deyə Xanım Əliverdiyeva şikayətində bildirib.

Qeyd edək ki, ən çox problem Xaçmaz, Quba, Qusar, Lənkəran, Astara istiqamətində müşahidə olunur. Bakı Beynəlxalq Avtovağzalından da bayram günləri sərnişin sıxlığının yaşandığını təsdiq edirlər. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin sözlərinə görə, adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəm 15 minə kimi artır.

Gəncəyə avtobus 10-12 manata gedir. Həmin istiqamətə bəzi avtobuslar isə 15 manata aparırlar. Halbuki, bu 6 manat olmalıdır. Bütün istiqamətlərə hərəkət edən avtobusların sayında azlıq müşahidə olunur.

Xəbər verdiyimiz kimi, 1-7 oktyabr tarixlərində Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejiminə keçib. Bütün istiqamətlərə əlavə olaraq avtobuslar buraxılıb.

Sərnişinlərin bilet tapa bilməməsinə gəlincə, Məhəmməd Abdullayev bunu təsdiqləyib. Onun sözlərinə görə, bütün biletlər bir necə gün qabaqdan satılıb. Bu səbəbdən də, xətlərə əlavə avtobuslar buraxılıb. Avtovağzal rəsmisi sürücülərin gediş haqqı üçün müəyyən olunmuş qiymətlərdən artıq pul istəməsinə də münasibət bildirib.

“Avtovağzalda biletlərin qiymətinə nəzarət edən komissiya var. Komissiya gediş haqlarının qiymətində süni artım olmamasına nəzarət edir. Hələlik bizə bu istiqamətdə şikayət daxil olmayıb. Biz əvvəldən sürücülərlə danışıb, qiymətləri razılaşdırırıq. Bu qiymətlərlə razı olmayanlar isə xətdən kənarlaşdırılır. Əgər hansısa sürücü qaydanı pozarsa, sərnişinlər mütləq bu barədə bizə bildirsinlər. Biz lazımı tədbirlər görəcəyik”.(Ans)


Teqlər:  





Xəbər lenti