Şəhid zabitin medalı anasına verildi-Fotolar

Şəhid zabitin medalı anasına verildi-Fotolar
  05 Oktyabr 2014    Oxunub:1973
Sentyabrın 27-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində döyüş postunda şəhid olmuş Silahlı Qüvvələrimizin zabiti leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu Azərbaycan Respublikası Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunub.

Müdafiə Nazirliyi mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Hacıqabul rayon İcra Hakimiyyəti və rayon ictimaiyyətinin nümayəndələri şəhid zabitimizin evində olublar. Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani Vətən uğrunda həlak olan gənc zabitin qısa, lakin şərəfli ömür yolundan danışıb və onun təltif edildiyi medalı şəhidin anası Solmaz xanıma təqdim edib.

Şəhidin dayısı Səmid Ələkbərov, Müdafiə Nazirliyinin zabiti polkovnik Əlizadə Babayev, Daxili Qoşunların zabiti polkovnik Etibar İlyasov Vətən yolunda şəhid olanların qəhrəmanlıq nümunələrinin heç vaxt unudulmayacağını, onların bizim qəlbimizdə əbədi yaşayacağını, şəhid ailələrinin dövlətin qayğısı ilə əhatə olunduğunu, şəhidlərimizin qisaslarının mütləq alınacağını diqqətə çatdırıblar.

Mərasimdə iştirak edən el ağsaqqalı Seyidəli Abbasov nə qədər ağır da olsa qürur hissi keçirdiyini, ölkə başçısına, Müdafiə nazirliyinin rəhbərliyinə göstərdikləri diqqətə görə minnətdarlığını bildirib. Mərasim Hacıqabul şəhidlər xiyabanının ziyarət olunması ilə başa çatıb. Müdafiə Nazirliyinin rəhbərliyi bir daha şəhidin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti