İsa Qəmbərə qarşı saxtakarlıq ittihamı

İsa Qəmbərə qarşı saxtakarlıq ittihamı
  06 Oktyabr 2014    Oxunub:2269
Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlu qurultayına yekunları ilə bağlı tərəfdarları ilə görüşüb.
Q.İbadoğlu qurultaydakı pozuntular və tərəfdarlarının tələbi barədə danışıb.

O, haqqının tapdalanmasına imkan verməyəcəyini vurğulayıb: "Müsavat nə bir nəfərin, nə bir ailənin, nə də bir kəsimin partiyasıdır. Biz bu yolu qələbəyə kimi davam etdirəcəyik. Bizim seçkidəki fəaliyyətimiz də partiyanın güclənməsinə töhfə idi. Biz seçki prosesinə qoşulanda partiyanın maraqlarını üstün tutmuşuq. Biz haqqımızı kimlərinsə tapdamasına imkan verməyəcəyik. Elə məsələlər var ki, Müsavatdaxili məsələlərdir və biz bunları öz aramızda həll edəcəyik. Biz səviyyəli, müdaxiləsiz öz işimizi başa çatmış hesab etdik, ancaq bizim seçimimizə haram qatanlar oldu və seçkinin nəticəsinə təsir göstərdilər. Biz onları tanıyırıq. Biz öz dostlarımızdan belə münasibət gözləmirdik. Bu gün nəticə ondan ibarətdir ki, seçkiyə müəyyən müdaxilələr olub, ədalətlilik prinsipi pozulub. Həm də bizə seçkidən sonra atılan şər-böhtanları da qəbul etmirik, çünki biz partiyanın güclənməsini istəyirik".

Q.İbadoğlu partiyanın hazırkı rəhbərliyinə Müsavatın gələcək fəaliyyəti ilə bağlı konkret təkliflər irəli sürüb: "Tərəfdarlarımızla müzakirələrimiz nəticəsində partiyanın güclənməsi üçün bir neçə təkliflə çıxış etmişik və biz bunu partiya rəhbərliyinə təqdim edəcəyik. Güman edirik ki, təkliflərimiz 3 ay müddətində reallaşacaq. Biz təkliflərimizin 2015-ci ilin yanvarın 1-nə kimi reallaşdırılmasını tələb edəcəyik".

O, qurultaydakı pozuntularla bağlı arayış hazırlandığını və araşdırılması üçün oktyabrın 10-da seçki komissiyasına təqdim ediləcəyini vurğulayıb: "Pozuntular varsa, buna yol verən insanlar cəzalandırılmalıdır. Bir ay müddətində bizə cavab verilməlidir".

Sonra qurultay zamanı baş verən bəzi seçki pozuntuları barədə videogörüntülər nümayiş etdirilib.

Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) keçmiş üzvü Əlövsət Talışxanlı qurultaydakı pozuntulara görə İsa Qəmbəri ittiham edib. O, qurultayın nəticələrinin ləğv olunmasını tələb edib: "Qurultaya təsir göstərən adam İsa Qəmbər olub. İsa Qəmbər öz hərəkətləri ilə Arif Hacılının qələbəsinə şərait yaradıb. MNTK-nın təqdimatı olmadan onlarla rayon təşkilatı buraxılıb. İsa Qəmbər özünə lazım olanda MNTK-nı çağırır. Bu necə olur?"

Müsavatın Məclis üzvü Hikmət Hacızadə isə bütün pozuntu faktlarının araşdırılmasını və lazımi tədbirlərin görülməsini tələb edib.

Müsavat başqanının müşaviri, A.Hacılının tərəfdarı Səxavət Soltanlının çıxışı isə zalda narazılığa səbəb olub. O, toplantı iştirakçılarını qarşı tərəfə hörmətlə yanaşmağa, bir-birini bağışlamağa dəvət edib.

Vurğun Əyyub isə S.Soltanlıya "Sən kimsən ki, mənə nə danışmağı öyrədəsən" - deyə etiraz edib.

Toplantı iştirakçıları S.Soltanlının çıxışına imkan verməyib və o, iclası tərk edib.

Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli isə ədalətsizliyə görə bütün məsuliyyətin İsa Qəmbərin üzərinə düşdüyünü vurğulayıb.

Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Qubad İbadoğlu 200 isə səslə ikinci olub.(APA)


Teqlər:  





Xəbər lenti