Nazirlik müşavirə keçirdi - nöqsanlar var

Nazirlik müşavirə keçirdi - nöqsanlar var
  08 Oktyabr 2014    Oxunub:2135
Mədəniyyət və Turizm Nazirliyinin 2014-cü ilin ikinci yarımili üçün iş planına uyğun olaraq Goranboy rayonunda Naftalan şəhər, Goranboy, Xocalı rayon uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə məktəblərdə tədris işinin təşkili ilə bağlı zona müşavirəsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları, Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarları, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən aidiyyəti normativ-hüquqi aktları, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi, tədris planları, tədris proqramlarının tələb və müddəaları ilə bağlı zəruri məlumat və izahatlar verilib, müvafiq fikir mübadiləsi aparılıb.

Müşavirədə iştirak edən məktəblərin 2013/2014-cü dərs ilinin yekunlarına dair bir sıra sənədlərində aşkar edilmiş nöqsanlar məktəb rəhbərlərinin diqqətinə çatdırılıb və yeni dərs ilinin başlanması ilə bağlı müvafiq tövsiyələr verilib.

Eyni zamanda məktəb rəhbərlərinin tədris işinin təşkili, əmək və maliyyə intizamı, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəbin idarə edilməsi ilə bağlı suallar cavablandırılıb, habelə onları sahə üzrə maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Müşavirə zamanı direktor və direktor müavinlərinə ayrı-ayrı fənlər üzrə yeni hazırlanmış tədris proqramları və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanan "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris kabinetlərinin (sinif otaqlarının) tərtibatı"na dair metodiki tövsiyələr paylanıb, onların tədris prosesinə tətbiqi ilə bağlı zəruri izahatlar verilib.


Teqlər:





Xəbər lenti