Azərbaycan qışa hazırdırmı?

  09 Oktyabr 2014    Oxunub : 3423
Azərbaycan qışa hazırdırmı?
Son günlər havaların soyuq keçməsi qış fəslinin yaxınlaşmasından xəbər verir. Qarlı, çovğunlu qış rəsmən dekabrın 22-də qapımıza dayansa da işıq, qaz, su kimi kommunal problemlər indidən insanları düşündürməyə başlayıb. Paytaxt Bakıdan fərqli olaraq bölgələrdə qış fəslində hər il müəyyən problemlər yaşanır. Ya güclü yağan qarın təsirindən insanlar günlərlə işıqsız-susuz qalır, ya da qaz verilişində nöqsanlar özünü büruzə verir.

Bu baxımdan qış fəslinin “qapı”da olduğunu nəzərə alaraq, aidiyyatı qurumların qış mövsümünə hazırlıqla bağlı hansı işləri apardığını öyrəndik.

Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev AzVision.az-a açıqlamasında bildirib ki, yaz aylarından başlayaraq hər il ötən payız-qış mövsümünün nəticələri təhlil olunur və bu ildə istisna olmayıb.

A.Ağayevin sözlərinə görə, aprel ayında “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əmri ilə 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı 347 bənddən ibarət tədbirlər planı hazırlanıb və təsdiq olunub:

“Bu tədbirlər planına müvafiq olaraq 30 min metrdən çox qaz kəmərinin təmiri, əvəzolunması və çəkilməsi, 5 min metrdən çox qaz kəmərinin dayaqlar üzərinə qaldırılması və 102 ədəd qaz tənzimləyici, 108 ədəd siyirtmənin quraşdırılması həmin tədbirlər planında əksini tapıb. Bu işlər artıq başa çatdırırlıb. Bundan əlavə ölçü qovşaqlarında müəyyən avadanlıqlara baxış keçirilib, təmir, təftiş işləri aparılıb. Texniki məsələlər bununla bağlıdır. Eyni zamanda qış mövsümünə hazırlıqla bağlı hal-hazırda qaz kəmərlərinin və cihazlarının texniki xidmət sahəsi tərəfindən aparılan texniki baxışların sayı artırılıb. Həmçinin təhlükəsizlik tədbirlərinə diqqət gücləndirilib”.

“Azərsu”ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Anar Cəbrayıl bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, “Azərsu” ASC ötən il növbəti payız-qış mövsümünə hazırlıq görülməsi işləri ilə bağlı böyük uğurlar əldə edib.

“Azərsu” rəsmisi qeyd edib ki, bu ilin doqquz ayında “Azərsu” ASC 700 kilometrdən artıq magistral və şəbəkə su xətləri çəkib:

“Bu xətlərin 600 kilometrdən çoxu regionlarda həyata keçirilib. Həmçinin 200 kilometrdən artıq kanalizasiya kollektorları və xətləri, 22 ədəd su anbarı tikilib, 10 ədəd artezian quyusu qazılıb, 110 mindən artıq smart-kart tipli sayğaclar quraşdırılıb. Ümumiyyətlə yaz-yay aylarında gördüyümüz işlər nəticəsində “Azərsu” ASC tərəfindən 117 min nəfər fasiləsiz içməli su ilə təmin olunub. Bununda 78 mindən çoxu regionlarda yaşayanlardı. Mərkəzləşdirilmiş qaydada ilk dəfə su alan əhalinin sayı isə 100 mindən bir qədər artıqdır”.

A.Cəbrayıllının sözlərinə görə, “Azərsu” ASC həm regionlarda, həm də Bakı şəhəri, Abşeron yarımadasında içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması, yaradılması ilə bağlı böyük işlər görür:

“2014-cü il ərzində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə xəttinin tikintisini tam yekunlaşdırdıq. Bu il Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi ilə bağlı çox böyük işlər görülüb. Artıq bu qurğuda aparılan işlərin böyük əksəriyyəti yekunlaşıb. Bu ilin sonuna qədər bu qurğu ilə ilk suyun emal olunması planlaşdırılır. Bu qurğunun məhsuldarlığı saniyədə 6 kubmetr və ya sutkada 520 min kubmetr olacaq. Bu qurğu bizə imkan verəcək ki, Bakı şəhəri üzrə 1 milyondan artıq insanın su təchizatını əsaslı şəkildə yaxşılaşdıraq. Bununda böyük bir hissəsi indiyə kimi mərkəzləşmiş qaydada su almayan Bakı şəhərinin bağ massivləri, ətraf kənd və qəsəbələrin sakinləri olacaq. Bu qurğu tam istismara veriləndən sonra həmin qəsəbə və yaşayış massivində yaşayanların əksəriyyəti fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunacaqlar”.

“Azərsu” rəsmisi vurğulayıb ki, cəbhə bölgəsində olan rayonlarda su təchizatına xüsusi diqqət yetirilir:

“Belə ki, ötən il Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə içməli su verdik. Hansı ki, bu kənd ermənilərlə 200 metr məsafədə yerləşir. Bu il isə Tovuz rayonun Əlibəyli kəndində əhalinin içməli su təchizatını yaxşılaşdırmağa nail olduq. Bundan başqa içməli sudan əziyyət çəkən Yardımlı, Masallı, Balakən, Ağcabədi, Ağdam və digər bir neçə rayonda kəndlilərin su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görürürk və artezianlar qazılır. Bu gün “Azərsu” ASC-nin sifarişi əsasında 24 şəhər və rayon mərkəzində bu cür işlər davam etdirilir. Bundan başqa bizim layihələr 350-dən artıq kəndidə əhatə edəcək.

Payız mövsümündə bildiyimiz kimi yağıntılar bol olur. Bu mövsümə hazırlıqla bağlı mütəmadi iş aparılır. Həm kanalizasiya xətlərinin yuyulub təmizlənməsi, həm də yağış barmaqlıqlarının yuyulub təmizlənməsi işləri aparılır. Bildiyimiz kimi payızda ağacların yarpaq tökmə mövsümüdü. Tökülən yarpaqlar yağış barmaqlıqlarına dolur və orada yağış buraxma qabiliyyətini aşağı salır. Ona görə də mütəmadi olaraq bu xətləri yuyuruq, yağış barmaqlıqlarını təmizləyirik. Bu istiqamət də işlərimiz davam etdirilir”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: